Burada mənfi bir hal yoxdur. Əksinə, düşünürəm ki, vətəndaşların aktivliyi neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaq
Xəbərçilər mükafatlandırılacaq
Siqaret çəkənlər bir yana, sükan arxasında nahar edib, çay içənlər də var
Burada mənfi bir hal yoxdur. Əksinə, düşünürəm ki, vətəndaşların aktivliyi neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaq
Burada mənfi bir hal yoxdur. Əksinə, düşünürəm ki, vətəndaşların aktivliyi neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaq
Bakı Nəqliyyat Agentliyi sükan arxasında siqaret istifadə edən sürücülər barədə məlumat verənləri mükafatlandıracaq.
Agentlikdən Axar.az-a verən məlumata görə, avtobusda sürücünün tütün məmulatından istifadə etdiyinin şahidi olan sərnişin xətanı törədən sürücünün məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.
Belə ki, bunun üçün sürücünün xəta törətməsini əks etdirən aydın şəkildə çəkilmiş fotosu, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün" başlığı ilə info@bna.az elektron ünvanına göndərmək kifayətdir.
BNA-dan bildirilib ki, hər rübün yekununda daha çox inzibati xəta aşkar edən sərnişin (rəsmiləşdirilən xəta) mükafatlandırılacaq.
Qeyd edək ki, xəbərin yayılması ilə sosial şəbəkədə rəylər ard-arda düzüldü. BNA-nın layihəsini bəyənənlər də oldu, «xəbərçilik» adlandıranlar da.
BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev də rəylərə qoşuldu və «Amma xeyirli xəbərçilikdi, xəyanət deyil», yazdı.
Sonrakı rəylər yenə özünü çox gözlətmədi:
Gülşən Raufqızı: Nə deyirəm, "xəbərçi"ləriniz bol olsun.
Rövşən Əsədov: Mais Ağayev, özüm ölüm inciyəcəm. O günü bir xəbər vermişdim, qonorarımı verin, xahiş edirəm. Yoxsa sizdən yazacam qəzetimdə.
Namidə Bingöl: Hər yerdə "xəbərçi"nin olması zəruridir. Onsuz olarmı yəni?!
Psixoloq Fərqana Mehmanqızı: Bu, düzgün yanaşma deyil. Bu o deməkdir ki, işin öhdəsindən gələ bilmirlər, "Xədicə nənə”lərə ehtiyac var.
Biz övladlarımızı tərbiyə edərkən distiplina (intizam) öyrədirik, xəbərçiliyin pis bir iş olduğunu öyrədirik. Bu düşüncə ilə tərbiyə olunan şəxs xəbərçiliklə ödül aldığını düşünəcək. Qurum öz işini bacarmır, insanların "mükafat” kimi zəif yerindən istifadə edir.
Gülşən Raufqızı: Tam bir psixoloji yanaşma. Tamamilə haqlısız.
Mais Ağayev: Fərqana Mehmanqızı, xanım, əslində sizin yanaşma doğru deyil. Bildirim ki, gün ərzində yüzlərlə belə müraciət daxil olur. Biz bu layihəni məhz vətəndaş müraciəti əsasında başlatmışıq
Xəyal Azəroğlu: Mən uzun illər ANS-də xəbərçi olduğuma görə maaş almışam
Gülşən Raufqızı: Mais Ağayev, könüllü olaraq yardım etmək istəyənlər var. Xəyal bəy deyir, işimiz budur yəni.
Xəyal Azəroğlu: ANS-də işimiz xəbərçilik idi. İndi Allah uzaq eləsin.
Aygün Əhmədova: Bir neçə dəfə olub ki, sürücü siqaret çəkəndə etiraz etmişəm, siqareti yığışdırıblar. Bir dəfə ümumiyyətlə, əlindəki siqareti neylədisə, baş aça bilmədim.
Nəsimi Paşayev: Babat pul versəydilər, boş vaxtımızda işləyərdik
Mais Ağayev: Hər gün burda buna «işverənlik» deyənlərdən sürücülərlə bağlı kefin istəyən qədər müraciət daxil olur. İndi hamı başa düşüb, sən demə bu, işverənlikmiş.
Gülşən Raufqızı: Nə edirsiz edin, yetər ki, avtobuslar siqaretsiz sürücülərlə idarə olunsun.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə hesab edir ki, vətəndaşların aktivliyi qanunszuluqların, neqativ halların aradan qaldırılmasında əhəmiyyətli çəkiyə malikdir:
- Vətəndaşlarımız çox zaman ictimai qınağı düzgün anlamırlar. İctimai qınaq lazım olan yerdə bunu əsassız şəkildə «xəbərçilik», ictimai qınaq obyektinə uyğun gəlməyən vəziyyətdə isə adını qınaq qoyub əsl xəbərçilik edirlər. Məsələn, qonşulardan biri həyətində bir tikili inşa etməyə başlayır, ertəsi gün görürsən, sahə müvəkkili gəldi, icradan, bələdiyyədən «tökülüşdülər». Onlar hardan bildi ki, kimsə həyətində hasar hörür, ya otaq tikir?! Deməli, kimsə bunu xəbər verib. Siqaret çəkən sürücü barədə aidiyyətli orqana məlumat vermək isə ilk növbədə biz vətəndaşlar üçün xeyirlidir. Mən də istəmərəm ki, hansısa sürücünün siqaret tüstüsü ilə yol gedim, övladım sürücünün siqaretinin tüstüsünü ciyərlərinə çəksin. Bu baxımdan Bakı Nəqliyyat Agentliyinin başlatdığı sosial aksiya təqdirəlayiqdir. İnanıram ki, müsbət nəticə də verəcək. Bu vaxta qədər sürücülərin intizamsızlığının qarşısının alınması məqsədilə bir çox üsullardan istifadə olunub. Lakin effekt verməyib. Deyə bilərsiniz ki, ictimai nəqliyyatda müşahidə kameraları quraşdırılıb, bunun vasitəsilə qaydaları pozan sürücülər cəzalandırılsın. Bəli, müşahidə kameraları qoyulmuş avtobuslar çoxdur və bu avtobusların sürücüləri siqaret çəkməkdən hardasa çəkinir. Amma təsəvvür edin, hətta müşahidə kamerası olan avtobusların sürücüləri də bəzən siqaret çəkir. Bilə-bilə ki, müşahidə kamerası var. Belə sürücülər mütləq cəzalanmalıdır ki, başqalarına da görk olsun. Əsasən «Baku-bus» avtobuslarının sürücüləri özlərini nümunəvi aparır, deyə bilərik. Amma hələ də elə avtobuslar var ki, həqiqətən də çox pis vəziyyətdə, köhnədirlər və müşahidə kameraları da yoxdur. Daşıyıcı şirkətin imkanı yoxdur həmin avtobusları yeniləməyə. Sərnişinlər tərəfindən sürücülərə siqaretlə bağlı etiraz bildirildikdə, cavabları bu olur ki, 24 saat fasiləsiz işləyirik, siqareti nə zaman çəkək?! Hətta sükan arxasında nahar edən, çay içən sürücülər də çoxdur. Bütün bunların səbəbi xətt marşrutlarında növbəli iş rejiminin tətbiq edilməməsidir. Bu da sürücü azlığından, avtobus qıtlığından yaranır. Belə olan halda daşıyıcı şirkətlər sürücüləri, sözün əsl mənasında istismar edir. Sürücü də bilir ki, marşrutda təkdir, əvəzləyicisi yoxdur, ona görə də istədiyi kimi davranır. Daşıyıcı şirkət isə «nə istəyirsən elə, hansı yolla qazanırsan qazan, axşam filan qədər təhvil verməlisən» deyib şərt qoyur. Problemlərin kökü budur.
E.Muradlı bildirdi ki, ictimai fəallıq əksər hallarda müsbət nəticə verir:
- Dünyanın bir çox ölkələrində bu praktikadan istifadə olunur. Vətəndaşlar cinayətkarlıqla mübarizədə aktiv iştirak edirlər. BNA da vətəndaşlardan xahiş edir ki, aktiv olsunlar, şahidi olduqları neqativ hallarla bağlı agentliyə məlumat versinlər. Məncə, burada mənfi bir hal yoxdur. Əksinə, düşünürəm ki, vətəndaşların aktivliyi neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaq. Aşkarlanan sürücülər isə mütləq cəzalanmalıdır. Belə görünür ki, bizim sürücülər cəzasız keçinə bilmir.
Məlahət Rzayeva