Xəyanət və tərbiyəsizlik...

Qarabağ əlillərinə “demaqoq” deyənlər sərt şəkildə cəzalandırılmalıdır
Böhrana görə müharibə veteranlarının ixtisar olunması ilə bağlı xəbərlər artır


Millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünənki plenar iclasında Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarının, eləcə də Çernobıl əlillərinin iş yerlərində ixtisara salınmasının əleyhinə olduğunu bəyan edib.

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı S.Novruzov bu yanaşmanın düzgün olmadığını deyib: "Çoxları deyir ki, onlar demaqoqdur, elə birinci onlar ixtisara salınmalıdır. Bu nə yanaşmadır? Axı onlar musiqi məktəblərində oxumayıblar, müharibədə iştirak ediblər, Qarabağ müharibəsində vətəni müdafiə ediblər. Niyə onlar ixtisara salınmalıdır?!”

"Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov da müharibə veteranlarının ixtisarı ilə bağlı məsələnin doğrudan da çox aktual olduğunu bildirib: "Mingəçevir İşıq və Elektrik Stansiyasında (QRES) çalışan Qarabağ əlilləri, şəhid ailələri işdən çıxarılır. Artıq 10-a yaxın veteran ixtisara salınması ilə bağlı bizə müraciət edərək onlara qarşı kampaniya başlanıldığını qeyd edib. Hətta işdən çıxarılmalarına etiraz əlaməti olaraq QRES rəhbərliyinə müraciət edən müharibə əlilləri xoşagəlməz ifadələrlə təhqir olunublar”.

Devalvasiya ilə əlaqədar bir çox özəl və ya dövlət idarələrində ixtisarların getməsinin başadüşülən olduğunu vurğulayan birlik sədri hesab edir ki, bunu da qanunvericilik əsasında etmək lazımdır: "Çox təəssüf ki, çox az hallarda müəssisələr müharibə veteranlarının ixtisarı zamanı qanunvericiliyin tələblərinə əməl edirlər. Əksəriyyət isə qanunvericiliyin müvafiq maddəsini kobud şəkildə pozurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işəgötürən tərəfindən ixtisarın aparılması zamanı həmin vəzifə və ya peşə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və ya peşənin və peşəkarlıq səviyyəsinin daha yüksək səviyyəsinə malik olan işçiləri işdə saxlamağı nəzərdə tutulur. Bundan başqa, qanunvericiliyə əsasən işəgötürən bu meyarlar üzrə qiymətləndirmə müəyyən edərkən işçilərin ixtisasları və ya peşələri və peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərini, müharibə iştirakçılarını, əsgər və zabitlərin arvadı, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanları, həmin şirkətdə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşları, xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxsləri və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Qanun tələbinə görə, hər hansı bir müəssisədə müharibə veteranı çalışırsa, ixtisardan sonra idarə rəhbərindən əlavə iki nəfər işçi qalmalıdırsa, onun biri mütləq müharibə veteranı olmalıdır. Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşılması və müharibə veteranlarının hüquqları qanunvericiliyin tələblərinə uyğun şəkildə bərpa edilməlidir”.

Veteranlara demaqoq kimi yanaşılmasına gəldikdə isə F.Məmmədov deyib ki, kimliyindən asılı olmayaraq bu ifadəni işlədən şəxslər məsuliyyətə cəlb olunmalıdır: "Bu ifadəni dilinə gətirən şəxs çox ciddi şəkildə cəzalandırılmalıdır. Əslində, müharibə əlillərinə demaqoq demək bir insanın, bir vətəndaşın bəsit bir əxlaqsız olmasından xəbər verir. Veteranlara qarşı bu cür münasibət sərgiləmək sadəcə vətənə qarşı laqeydliyin yox, eyni zamanda xəyanətin bir göstəricisidir. Vətənin yolunda sağlamlığını qurban verən, aylarla, illərlə səngərlərdə qalan, bu torpağın bir parçasına çevrilən insanları təhqir etmək ən böyük tərbiyəsizlikdir. Müharibə əlillərinin hərəsinin bir əzası bu torpağa qarışıb. Onlar haqqında bu cür ifadələr işlətmək elə Vətənin özünü təhqir etməkdir. Hesab edirəm ki, veteranlara demaqoq deyən insanları həm ictimaiyyət qınamalı, həm də dövlət cəzalandırmalıdır. Həmçinin də kim bu ifadə ilə rastlaşsa, bizə müraciət edə bilər. Biz dəfələrlə müharibə əlillərini təhqir edən insanların çox ciddi şəkildə cəzalandırılmasına nail olmuşuq. Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə öz çıxışlarında müharibə əlilləri, Qarabağ veteranları, şəhid ailələri ilə bağlı çox ciddi tapşırıq, əmr və tövsiyələr verib. Ölkə başçısı deyib ki, hər birimiz vətəndaş olaraq əlillər, şəhid ailələri qarşısında başını əyməli, onlara diqqət və qayğı göstərməliyik. Bu, Prezidentin tələbi və dövlətin tapşırığıdır. Ulu öndər Heydər Əliyevin işlətdiyi bir ifadə isə bütün müharibə əlillərinin kəlamına çevrilib: "Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş, sağlamlığını itirmiş insanlara diqqət və qayğı dövlətin borcu, xalqın milli öhdəliyidir”.

Şəymən