"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sərgidə çıxışı zamanı qətlə yetirilməsi provokasiyadır".
Bu barədə Sherg.az-a Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində 5 il 4 ay Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmiş ictimai-siyasi xadim Xeyrəddin Qoca bildirib.
O, qeyd edib ki, bu qətl Rusiya ilə Türkiyə arasında son zamanlar yaranmış isti münasibətləri pozmaq cəhdindən başqa bir şey deyil:
"Türkiyənin mühafizəsi çox güclüdür. Lap tutaq ki, A.Karlov özünə mühafizəçi götürüb. Tədbir zamanı da həmin mühafizəçi bayırda ola bilər. Onun mühafizəçisi sərgi zalına daxil olmayıb. Səfir də ora çıxış etməyə gəlib. Həmin cinayəti törədən də kostyumda olub. Hətta polis vəsiqəsini də göstərib. Belə anlaşılıb ki, həmin polis əməkdaşı səfirin mühafizəçisidir. Bu mənada onu içəri buraxmaq şübhə doğurmayıb. O içəri daxol an kimi rus diplomatını arxadan güllələyib. Bunu Türkiyə dövlətinin mühafizəsi zəifliyi ilə əlqələndirmək qətiyyən doğru deyil. Türkiyə mühafizəsi ölkədə neçə milyon adamı qoruyur. Son hadisə isə açıq -aşkar təxribat xarakteri daşıyır. Ərdoğan da, Putin də və bütün dünya da yəqin ki, belə düşünür. Qətli törədənin hansısa terror təşkilatının üzvü olmasını ehtimal etmək olar. Əminəm ki, yaxın günlərdə onun hansı cinayətkar qruplaşmanın üzvü olduğu aşkarlanacaq".
X. Qoca konsulluq fəaliyyəti müddətində təhlükəsizliyinin necə təmin olunması məsələsinə də toxunub:"
Türkiyəyə yeni baş konsul kimi gedəndən bir -iki gün sonra bir polis əməkdaşı konsulluğa gəlib mənə yaxınlaşdı. Salamlaşandan sonra onun kim olduğunu soruşdum. Dedi "sizin mühafizəçinizəm, polisdən göndəriblər". Bildirdim ki, mənə mühafizəçi lazım deyil. Azərbaycanın bayrağı məni qoruyur. Bazara, mağazaya, gəzməyə və bütün tədbirlərə bəzən tək, bəzən lazım olanda ömür-gün yoldaşımla gedirdim. Beləliklə şəxsi mühafizəçim yox idi, amma diplomatik müddət başa çatana qədər sağ-salamat işlədim və ölkəmizə qayıtdım. Deməli, Türkiyə mühafizəsi məni qoruyurdu. Və mən buna əmin idim. Maşınla gedəndə dəfələrlə eşitmişəm, "Baxın, Azərbaycan konsulu gedir". Türklərin bizə olan rəğbətindən qürur duyurdum".
Ayyət Əhməd