Xəzərin hüquqi statusunun müəyyənləşməsinə Rusiya mane olur

“Moskva Türkmənistanın qaz ehtiyatlarının Avropaya çıxarılmasını istəmir”




Xəzər dənizinin təhlükəsizliyi məsələləri yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır. İstənilən xarici qüvvənin bu su hövzəsində mövcudluğu bölgənin təhlükəsizliyinə ciddi təhdid sayılır”. Bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari deyib. O, həmkarı Viktor Çirkovla görüşüb və tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin yollarını müzakirə ediblər.

Xatırladaq ki, oktyabr ayında Moskvada Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşmələr keçirəcək. Amma Türkmənistanın prosesdən kənarda qalması, İranın ziddiyyətli mövqe sərgiləməsi Xəzərin hüquqi statusunun yaxın müddətdə öz həllini tapacağını şübhə altına alır. Xüsusən, Xəzər dənizində neft-qaz yataqlarının bölüşdürülməsi ilə bağlı ciddi problemlərin mövcud olması Xəzəryanı dövlətlərin bir-biri ilə razılaşmasını imkansız hala salır.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Zəfər Vəliyev deyib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi siyasi amillərlə bağlıdır: "Prosesdə ən böyük problem Türkmənistan və İrandır. Bilirsiz ki, İran Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasında əlavə paya sahib olmaq istəyir və qeyri-qanuni olaraq 20 faizlik pay davası edir. Amma dəniz xəzəryanı ölkələr arasında bərabər payla bölünməlidir. Türkmənistanın məsələyə yanaşması da fərqlidir. Onlar Azərbaycanın Xəzərin sektoruna aid neft-qaz yataqlarının çoxunu neytral bölgə hesab edirlər. Amma son Həştərxan sammitində Türkmənistan və İran Xəzərin hüquqi statusunun müəyyən olunmasında yumşaq mövqe sərgilədilər. Aydındır ki, dövlət olaraq Türkmənistanın və İranın ayrı-ayrı problemləri var. İran beynəlxalq sanksiyalardan əziyyət çəkir. Hakimiyyət həm dövlət strukturlarında, həm ictimaiyyətdə, həm də biznes sahələrində ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılmasını istəyir. Məlumdur ki, artıq bu istiqamətdə Vyanada 6-ların görüşü başlayıb. Yəqin ki, İrana tətbiq olunan sanksiyalar yaxın günlərdə aradan qaldırılacaq. Əgər belə olarsa, İran Xəzərin hüquqi statusu ilə bağlı problem yaratmayacaq. Çünki İranın iqtisadi vəziyyəti yaxşı deyil. Əgər bundan imtina edərsə, qısa vaxtda ölkədə iqtisadi fəlakət ola bilər”.

Ekspertə görə, Türkmənistanın yaratdığı problem də müvəqqətidir: "Türkmənistanın Əfqanıstanla sərhəddində qeyri-müəyyənlik və gərginlik davam etməkdədir. Amma bu ölkə yaxşı bilir ki, özünün karbohidrogen ehtiyatlarını şaxələndirməyə ehtiyac duyursa, xüsusən, qaz ehtiyatlarını Avropaya ixrac etmək istəyirsə, Xəzərin hüquqi statusunda pozitiv və ədalətli mövqedə dayanmalıdır. Bu istiqamətdə də müəyyən işlər gedir. Artıq Avropa Komissiyası uzun illərdir, Türkmənistanla ciddi danışıqlar aparır. Zənnimcə, qısa müddətdə Türkmənistan Azərbaycanla ortaq fikrə gələcək”. Bu baxımdan hesab edirəm ki, əgər yaxın müddətdə Qərb-İran münasibətləri qaydasına düşərsə və Avropa Komissiyası ilə Türkmənistan ortaq dil taparsa, Xəzərin hüquqi statusunun müəyyənləşməsi reallaşa bilər”. Z.Vəliyevin fikrincə, məsələnin həllində əsas mane birbaşa Rusiyadır: "Rusiya bütün ciddi-cəhdlə çalışır ki, Xəzərin hüquqi statusuna maneçilik törətsin. Səbəbi də odur ki, Moskva Türkmənistanın qaz ehtiyatlarının Avropaya çıxarılmasını istəmir. Çünki bu, Kremlin kəmər siyasətinə və enerji diplomatiyasına ziddir. Rusiya hansısa kənar dövlətin Xəzərdə hərbi güc yerləşdirməsinə də qarşıdır. Elə təhlükəsizlik məsələsinin kökündə bu amil dayanır”.

İsmayıl