Bu dənizin özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək
Xəzərin suyu ildən-ilə azalır, alimlər həyəcan təbili çalır. Bu hal Nabran çimərliklərində hiss olunmaqdadır. Bu hal 1970-ci illə müqayisədə eynilik təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimlərinin apardıqları araşdırmalar bunu deməyə əsas verir. Alimlərin hesablamalarına görə, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Yerli sakinlər də dəniz suyunun azalmasını müşahidə ediblər. Onlar deyib ki, əvvəlki illərə nisbətdə su indi azalmağa doğru gedir.
Sakinlər həmçinin vaxtı ilə burada Xəzərin səviyyəsinin 28 m olduğunu, 1978-ci ildə isə 1 metrə kimi də düşərək, 29 metr olduğunu bildiriblər.
Sonradan səviyyə qalxmağa doğru gedib. Lakin son 4 ildə səviyyədə yenidən azalma müşahidə edilir. Lakin adi azalma kimi görünən bu proses ciddi ekoloji problemlərə səbəb ola bilər.
Bəs Xəzərin suyunun azalması hansı problemlərə səbəb ola bilər?
Qeyd edək ki, bəzi internet portallarında son 4 il ərzində Xəzər dənizinin səviyyəsinin 28 metr aşağı düşdüyünə dair məlumatlar öz əksini tapıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov isə həmin rəqəmin həqiqətə uyğun olmadığını deyib: "Bəzi saytlarda Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı rəqəm səhv gedib, fikirlər təhrif olunub. Xəzər dənizinin səviyyəsi 28 metr aşağı düşməyib, 28 metrə düşüb. Jurnalistlər bu cür açıqlamalarda diqqətli olmalı, adi bir şəkilçiyə də fikir verməlidir”.
Son illər Xəzər dənizinin düşmə həddini yaşadığını vurğulayan N.Əhmədov bildirib ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən - 28 metr aşağıdır. Mütəxəssis suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu deyib: "Suyun səviyyəsinin düşməsi onun özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək”.
Mütəxəssis, Xəzərdə suyun azalmasına iqlim, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması kimi faktorların da təsir etdiyini bildirib: "Çaylardan Xəzərə su az gəlir, buxarlanma da çox olur. Proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir ki, bu da çox təəssüfləndiricidir”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ilk növbədə Xəzər dənizinin suyunun artıb-azalmasının bu vaxta qədər dəqiq müəyyən edilmədiyini deyib. Onun sözlərinə görə, bu prosesi yalnız yağıntılarla əlaqələndirmək də düzgün deyil:
"Xəzərin dibində neft hasilatı ilə məşğul olan şirkətlər neft çıxardıqca, həmin ərazilərdə boşluq yaranır. Xəzərə daxil olan yeraltı, lay sularının istiqamətinin dəyişməsi nəzərə alınmalıdır. Xəzərin səviyyəsi 25 mm artır, 325 mm buxarlanır. Bu, suyun azalmasının iqlimdən də asılı olduğunu göstərir. Dövlət Xəzərdəki çəkilmələrin səbəbinin, geoloji, tektonik vəziyyətin araşdırılması ilə bağlı vəsait ayırmalıdır. Elmi cəhətdən araşdırma aparılmaması ciddi problemlərə səbəb ola bilər. Fikrimcə, Xəzərin suyunun artıb-azalması Sakit okeanla birbaşa əlaqəlidir. Təkcə Xəzər deyil, Atlantik okeanda, digər sularda baş verən dəyişikliklərə məhz həmin okean təsir edir”.
T.Zeynalov azalmanın ekoloji duruma təsirindən də danışıb:
"Suyun azalması həmin ərazilərin boş qalması deməkdir. Həmin sahələrdə obyektlər, zavodlar tikiləcək, 15-20 ildən sonra suyun səviyyəsinin yenidən qalxması onların suyun altında qalmasına səbəb olacaq. Bir sözlə, bu, düşünülməmiş addım olacaq. Bundan əvvəlki çəkilmədə də belə olmuşdu. Neftçala balıq zavodu suyun altında qalmışdı. Plansız tikililər iqtisadi problemə səbəb olacaq. Ən ciddi zərər Xəzərin flora, faunasına dəyəcək. Suyun səviyyəsinin aşağı düşməsi, Xəzərin ortasında və şimal hissəsindəki balıqların İran istiqamətinə axın etməsinə səbəb olacaq. Çünki İranda Xəzərin dərinliyi 1200 metrdir. Bu azalmadan İrandan başqa, Xəzəryanı ölkələrin hamısı zərər görəcək”.
Şəymən