Xəzəryanı ölkələr tezliklə təhlükəsizlik təliminə başlayacaq

5 dövlətin arasında müəyyən mübahisə doğuran məsələlər keçmişdə də mövcud olub və indi də qalmaqdadır



Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşmələr keçirəcək. Artıq Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanları məsləhətləşmələrin birinci raundunun oktyabrda Rusiyada keçirilməsinə dair razılığa gəliblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt-Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub. Danışıqlarda tərəflər məşvərətçi orqan olacaq Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunması və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında sazişin imzalanmasının mümkünlüyünü müzakirə ediblər. Bundan başqa, tərəflər qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər.

Görüşün mahiyyətini dəyərləndirən tanınmış analitik Arzu Nağıyev "Şərq”ə açıqlamasında söyləyib ki, Xəzərin statusu ilə bağlı bu 5 dövlətin arasında müəyyən mübahisə doğuran məsələlər keçmişdə də mövcud olub və indi də qalmaqdadır: "Hazırda həmin 6 məsələ üzrə nəzərdə tutulmuş müddəaların qəbul edilməsi böyük irəliləyişdir. Bu, ilk növbədə təhlükəsizlik məsələsidir. Məlumdur ki, Xəzərdə, ümumiyyətlə, təhlükəsizlik məsələsinin olması labüd məsələlərdən biridir. İstər təbii sərvətlərdən istifadə və digər məsələlərin həlli üçün təhlükəsizlik başlıca və vacib məsələdir. Bu baxımdan da Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz qüvvələrinin birgə tədbirlərinin davam etdirilməsi məqsədli şəkildə aparılır. Əsas məsələlərdən biri də bu təlimlərə digər dövlətlərin, o cümlədən Türkmənistan və İranın da qoşulması haqqında qərarları ola bilər”.

Ayyət Əhməd