“Komissiya işini elə qurmalıdır ki, obyektivliyinə heç kəsin şübhəsi olmasın”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürülüb. Bununla bağlı Müdafiə Nazirliyində artıq xüsusi komissiya yaradılıb.
Bildirilib ki, "xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyəti qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində xüsusi komissiyanın yaradılmasının təqdirəlayiq hal olduğunu deyib:
"Hesab edirəm ki, şəffaflığı təmin etmək üçün bu yoxlamalar geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutmalıdır. Bu zaman neqativ hallar tədricən azalacaq”.
Xəstəliyi olanların problemlərinin təsdiq olunduğunu vurğulayan Ü.Cəfərov qeyd edib ki, həmin şəxslər zaman-zaman komissiyalardan keçirlər:
"Sözsüz ki, neqativ hallar var. Amma məsələnin respublika miqyasında olduğunu düşünmürəm ki, özünü xidmətə yararsız hesab edərək kütləvi halda saxta hərbi biletlər alırlar. Sözsüz ki, doğrudan da səhətindəki çətinliklərlə əlaqədar möhlət hüququ alan şəxslər daha çoxdur. Sülh dövründə yararsız, müharibə dövründə isə qismən yararlı olan şəxslərin haqlarına girməyə heç kəsin haqqı yoxdur. Həmin adamların təkrar-təkrar yoxlamalardan keçirilməsinin, incidilməsinin tərəfdarı deyiləm. Amma faktdır ki, bəzi şəxslər "işbaz”ların əli ilə hərbi bilet alıb, xidmətdən yayınıblar. Ona görə, komissiya işini elə qurmalıdır ki, obyektivliyinə heç kəsin şübhəsi olmasın. Sağlamlığı ilə bağlı problemləri olan şəxslər üçün əlavə əngəllər yaradılmasın”.
Ekspertin sözlərinə görə, vətənə xidmət etmək istəyən adam heç vaxt saxta bəhanə axtarmır:
"Vətənə xidmət konstitusion borcdur. Nazirlər Kabinetinin qərarı ilə tibbi çağırış komissiyaları fəaliyyət göstərir. Uşaqlıq, məktəb illərini sağlam keçirib, sonradan özünü yararsız kimi qələmə verib möhlət hüququ alan adamlar da var. Bu kimi neqativ halların olduğunu inkar etmirəm, xidmətə çağırılan gənclər arasında müəyyən problemləri olanlar var, müəyyən boşluqlar da var. Hər iki qurum əlaqəli şəkildə bu məsələləri həll edirlər.
Hər ikisi güc strukturudur. Belə insanlar arasından ən sağlamları seçilməlidir və onlar hərbi xidmətə getməlidirlər. Hesab edirəm ki, bu proses ətrafında hay-küy yaratmaq lazım deyil. Şəxsən öz adıma deyə bilərəm ki, bu komissiyanın şəffaf işləməsi üçün əlimdən gələn köməkliyi göstərməyə hazıram”.
Şəymən