Xidmətlər yüksəlib

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Hazırda informasiya-kommunikasiya texnologiyaları (İKT) həyatımızın bütün sahələrinə sürətlə nüfuz edib. Ona görə də indiki məqamda Azərbaycanın bu sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu desək, heç də yanılmarıq. Şübhəsiz ki, ölkəmizdə İKT-nin əsas hədəfi innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və elmin, mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunmasıdır.

Ona görə ki, müasir dövrdə İKT-nin tərəqqisi hər bir ölkənin intellektual, elmi və iqtisadi potensialının göstəricisi sayılır. Məhz buna görə də son zamanlar dövlətimiz tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Məlum istiqamətdə qarşımızda duran başlıca vəzifələrdən biri yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiq edilməsidir. Baxın, vaxt vardı məktəbimizdə indiki kimi müasir kompüter avadanlıqları yox idi. Amma indi respublikamızın ən ucqar kənd məktəbində belə, son model bilgisayarlarla təchiz edilmiş kompüter otaqları mövcuddur. Onu da qeyd edək ki, indiki məqamda İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. Bu, həm də tətbiq olunduğu və ya geniş yayıldığı ölkələrin büdcəsinə böyük məbləğdə gəlir gətirən rentabelli bir sahəyə çevrilib. Ona görə də Azərbaycan qeyri-neft sektorlarından sayılan İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi yönündə ciddi addımlar atır. Məsələn, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra - Milli Strategiya) hazırlanıb. Məhz bu yüksək diqqət və qayğının təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun "The Global İnformation Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılıb. Və 2013-cü ilin hesabatında "İKT-yə dəstəkdə hökumətin uğurları” və "Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb. Eyni zamanda qeyd edək ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Bu arada qeyd edək ki, Azərbaycan Universitetində İKT fakültəsi yaradılıb. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, fakültənin qarşısında duran əsas vəzifələr elektronik laboratoriyanın fəaliyyətinin təşkili və tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

İKT ölkəyə böyük məbləğdə gəlir gətirir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili qeyd edib ki, qeyri-neft sektorunun inkişafına təsir göstərən alətlər toplusundan biri də İKT-dir: "Əslində müasir dünyada İKT çoxdan digər sektorlarda effektiv, səmərəli, operativ və şəffaf idarəetmə alətinə çevrilib. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə, o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900 milyon dollara çatıb. Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi "qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası, o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir. Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşıb. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd. manat təşkil edib”.

Gəlirlərimiz 2 dəfəyə qədər arta bilər

Deputat diqqətə çatdırıb ki, dünya təcrübəsinə görə, İKT sektoruna yatırılan investisiyaların geri qayıtma müddəti 3 ildən 5 ilədəkdir: "Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə ölkəmizdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın arta bilər. Bunun üçün artıq lazımi investisiyalar qoyulub. Prezidentin sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılıb. Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, Bilik İqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrini də dolayı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu, müasir dünyada sınaqdan çıxmış ən faydalı yol sayılır”.

Elektron ticarətin həcmi genişlənib

Mütəxəssisin sözlərinə görə, İKT sektorunun inkişafı ilkin olaraq investisiyadan daha çox "ideya və mühit”dən asılıdır: "Hazırda dünyada dəyəri və gəlirləri milyardlarla dollar olan nəhəng İKT şirkətləri ideyalar əsasında yaranıb. Ölkəmizdə də mühit formalaşsa da, ideya "cücərti”ləri kimi formalaşan "Startap”ların hərtərəfli dəstəklənməsinə ehtiyac var. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır. Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Əksər ölkələrdə bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümumi dövriyyədə payının 0.04 faiz olması çox böyük potensialın olmasını göstərir”.

İKT avadanlıqları istehsal edə bilərik

T.Mirkişili hesab edir ki, Azərbaycan İKT məhsullarının təxminən 90 faizdən çoxunu idxal edir: "Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s.) bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür. Həmin məhsullara yerli bazarda, əhali arasında böyük tələbat var. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər. Ölkəmiz eyni zamanda böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Onların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu, milli təhlükəsizlik baxımından çox vacibdir”.

Ölkədə innovativ iqtisadiyyat üçün lazımi şərait var

Milli Məclis üzvü qeyd edib ki, gəlirlərin səviyyəsinə uyğun tam proqressiv vergitutma sistemi yaradılmalıdır: "Sosial ədaləti qorumaq üçün vergi dərəcələri arasında dramatik fərqlər olmalıdır. Kapitalın hərəkətinin qarşısını alacaq istənilən maneə aradan qaldırılmalıdır və insanların kapitala asan çıxışı təmin olunmalıdır.

Azərbaycanda görülən, planlaşdırılan layihələrə fikir verdikcə, ölkəmizin də əslində artıq bir neçə ildir ki, rəqəmli inqilaba hazırlaşdığını görmək mümkündür. Dövlət üzərinə düşən fundamental öhdəlikləri yerinə yetirmək üçün bütün resursları səfərbər etməkdədir. Bütün bu addımların məntiqi nəticəsi isə Azərbaycanda innovativ iqtisadiyyatı qurmaq, yeni texnologiyaların yeni iqtisadiyyatın "ürəyi” olmasını təmin etməkdir. Dövlət başçısı İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda məhz bunlardan söz açaraq Azərbaycanın qarşısında duran müasir çağırışları elan edib. Qısaca desək, innovativ iqtisadiyyatın formalaşması üçün ölkədə dövlət tərəfindən əsasən lazımi şərait mövcuddur. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarlığın inkişafına böyük zərurət var və bu fəaliyyət Azərbaycanda ən yüksək səviyyədə dəstəklənir”.

İKT sektorunda yüksək ixtisaslı mütəxəssislər hazırlanır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də bildirib ki, bu gün İKT Azərbaycanın, bütövlükdə, dünya elminin prioritet istiqamətlərindən biridir: "Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur. O cümlədən bu sahədə kadrlar hazırlığı da az əhəmiyyət daşımır. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT sektorunda yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub. İnformasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi bizim institutun üzərinə xüsusi missiya düşür. İnstitutumuzun əsas vəzifələri informasiya texnologiyaları sahəsində dövlət siyasətinə dəstək vermək, İKT sahəsində aktuallıq kəsb edən istiqamətlərdə tədqiqatlar aparmaq və müvafiq elmi kadrlar yetişdirməkdir”.

Elektron dövlət quruculuğunda İKT-nin rolu böyükdür

Akademik vurğulayıb ki, son zamanlar yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı və həcmi artmaqda davam edir: "İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur. Onun imkanlarından yararlanırlar. Artıq onlar özlərini texnologiyalarsız təsəvvür edə bilmirlər. Yəni bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar. Azərbaycanda həmin iş tam qənaətbəxşdir. Elektron dövlət quruculuğu müvafiq proqrama uyğun olaraq çox uğurla həyata keçirilir və yüksək templə davam etdirilir”.

İnformasiya təhlükəsizliyi təmin edilir

R.Əliquliyevin fikrincə, Azərbaycanda informasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün dövlət səviyyəsində məqsədyönlü işlər aparılır: "Bu baxımdan Azərbaycan Prezidentinin "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli Fərmanı çox mühüm əhəmiyyətə malikdir. Həmin Fərmana uyğun olaraq informasiya resurslarının mühafizəsi, vətəndaşların informasiyalara sərbəst çıxışının təmin edilməsi istiqamətində real nəticəsi olan işlər görülür”.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də deyib ki, cəmiyyətdə informasiya texnologiyalarının rolu çox böyükdür: "İnformasiyalı cəmiyyətin inkişafı yeni texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Milli İKT infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsi hökumətin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə də yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə son illər respublikamızda İKT tətbiqi ilə bağlı çox mühüm addımlar atılmaqdadır. Dövlət informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması məqsədilə İKT xidmətlərinə çıxışın təmin olunmasını başlıca prioritetlərdən hesab edir”.

Beynəlxalq təşkilatlar uğurlarımızı alqışlayır

Mərkəz direktoru qeyd edib ki, son illər internet xidmətlərinin tariflərinin aşağı salınması, dövlət qurumlarında İKT-nin tətbiqinin genişləndirilməsi respublikamızın beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasında mühüm rol oynayıb: "Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sistemini ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır. Vətəndaşların tələbatlarına, iqtisadi səmərəliliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur. Bu sistem dövlət strukturlarının müasir informasiya texnologiyalarından istifadə etməklə istehlakçılara bilavasitə informasiya xidmətlərinin təşkilinə şərait yaradır. İqtisadi idarəetmə sektorunda şəffaflıqla yanaşı, e-xidmətlərin çeviklik, sürət, əlverişlilik, operativlik, fasiləsizlik, interaktivlik, qənaətlilik, miqyaslılıq kimi üstünlükləri vardır. Son illər beynəlxalq təşkilatlar tərəfindən İKT ilə bağlı müsbət qiymətləndirmələr onu göstərir ki, Azərbaycan hökuməti qeyd olunan sahədə inkişafa təkan verən mühüm addımlar atıb”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.