XİN əməli işə keçməlidir

Konqresmenin Qarabağa səfərinin qarşısı alınmalıdır



ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Frenk Pallone sentyabr ayında Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı açıqlama verib.

Hazırda İsraildə olan konqresmen Qüdsün erməni patriarxı Nurxan Manukyanla görüşdə bu haqda məlumat verib: "Sentyabr ayında Ermənistanı və Artsaxı (red-Dağlıq Qarabağ) müstəqillik günü münasibətilə ziyarət etmək istəyirəm. Bu Konqresin Nümayəndələr Palatası üçün Ermənistan-ABŞ yaxınlaşmasına nail olmaq üçün gözəl fürsət olacaq”.

ABŞ konqresmeninin Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi icazəsini almadan işğal altında qalan torpaqlarımıza səfər etməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, onun bu addımı həm də Azərbaycanın suverenliyinə hörmətsizlikdir: 

"Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi artıq bu cür faktlarla bağlı quru bəyanatlar verməklə kifayətlənməməlidir. Sentyabr ayına qədər konqresmenin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı beynəlxalq miqyasda ona qarşı bir qınaq kampaniyası aparılmalı və Frenk Pallonenin bu səfəri birmənalı olaraq qəbulolunmazdır. Konqresmenin qanunsuz Qarabağ səfərinə qarşı təbliğat təkcə beynəlxalq təşkilatlar səviyyəsində deyil, eyni zamanda sosial şəbəkələr və beynəlxalq media çərçivəsində aparılmalıdır. 

Ən nəhayəti isə Amerika Birləşmiş Ştatlarının Xarici İşlər nazirliyinə ultimatum verilib, xəbərdarlıq edilməlidir ki, əgər belə bir səfər reallaşarsa, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində cinayət işi açacaq. Xatırlayırsınızsa, bir qrup PKK terrorçusu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatına qarşı ciddi təhlükə yaratdığı üçün ABŞ insan haqları məsələsini bəhanə gətirərək Ərdoğanı terrorçulardan müdafiə edən cangüdənlərinə qarşı cinayət işi açmışdı.

 Bu nöqteyi-nəzərdən Azərbaycan da öz suveren hüquqlarına qarşı hörmətsizlik edən konqresmenə bu səfərdən imtina etməsinə dair xəbərdarıq etməlidir. Əks təqdirdə isə ona qarşı cinayət işi açılacağı və Azərbaycan XİN-in "qara siyahı”sına salınacağını bəyan etməlidir. İndidən qabaqlayıcı tədbirlər görülməlidir ki, Frenk Pallone səviyyədə bir siyasətçi Azərbaycanın işğal altında olan torpaqlarına səfər etsin. Artıq səfər baş tutandan sonra quru bəyanatlar verməyin heç bir faydası yoxdur”.

Şəymən