Xüsusi nəzarət şurası yaradılmalıdır

Elə etmək lazımdır ki, sosial evlərdən kasıblar yararlansın



Son günlər sosial evlərin tikintisi ilə bağlı məsələnin gündəmə gəlməsi və ölkə Prezidenti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması bu problemin həllinə yardım edə bilər. Agentlik və tabeliyində olan "MİDA” MMC dövlət vəsaiti hesabına yaşayış binaları tikib güzəştli şərtlərlə vətəndaşlara satacaq.

Sosial evlər layihəsi ilə ev alanların sayının sürətlə artacağını hesab edən millət vəkili Əli Məsimlinin sözlərinə görə, "ASAN xidmət” kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır. Bunun üçün məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar. Sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsinin nəzərə alınmasını vacib amil hesab edən millət vəkilinin qənaətincə, Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır: "Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, Azərbaycanda Türkiyə modelini tətbiq etməklə sosial evlər layihəsinin icrasının həyata keçiriləcəyi gözlənilir: "Türkiyə modelində vəsait büdcədən ayrılır. Mənzillərin inşası ilə bağlı xüsusi agentlik fəaliyyət göstərir. Büdcədən ayrılan vəsait tender vasitəsilə şirkətlərə verilir, şirkətlər həmin vəsaitlə bələdiyyə torpağında mənzillər inşa edir və aztəminatlı ailələrə verir. Sosial evlərin mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsindən ayrılan vəsait öz xərcinə uyğun olaraq inşa edilən binalarda vətəndaşlara təqdim olunur.

Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilirlər. Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir. Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz”.

Ekspertin sözlərinə görə, dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar:

"Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Digər tərəfdən də bu aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək. Eyni zamanda, kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq”.

İmkanlı ailənin ev almaq, ən azı ipoteka krediti götürmək imkanı varsa, o zaman onun sosial evdən faydalanmasının arzuolunan olmadığını vurğulayan ekspert bildirib ki, sosial evlər layihəsinin icrasında birmənalı şəkildə aztəminatlı ailələrə üstünlük verilməlidir: "İmkanlı ailələr də aztəminatlı ailə kimi bu sosial evlərə sahib ola bilərlər. Buna görə də meyarlar yalnız aztəminatlı ailələr üçün olmalıdır. Biz təklif edirik ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yanında xüsusi nəzarət şurası formalaşdırılsın. Nəzarət şurasına vətəndaş cəmiyyəti, media, biznes qurumlarından nümayəndələr cəlb edilməlidir ki, onlar da meyarların müəyyən edilməsi və tətbiqində iştirak etsinlər. Bu, şəffaflığı təmin etmək üçün çox vacibdir. Müstəqil nəzarət şurasının formalaşmasına ehtiyac var. İmkanlı ailələrlə bağlı qadağa olmaya bilər, ancaq bu işdə aztəminatlı ailəyə üstünlük verilməsi meyarı həmin layihənin şəffaflığını və səmərəliliyini təmin etmiş olar. Konkret meyarlar müəyyənləşməsə, nəzarət mexanizmi təyin edilməsə, bu, kifayət qədər əhəmiyyətli layihənin səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Sosial evlər konkret meyarlar çərçivəsində təklif olunmalıdır ki, vətəndaşlar üçün əlçatan olsun, eyni zamanda şəffaflıq təmin olunsun. Mənzil alınması ilə bağlı müraciət onlayn olmalıdır. Onun yoxlanması, müraciət edənə müsbət-mənfi cavabın verilməsi də onlayn həyata keçirilməlidir. Mənfi cavabın şərhinə də ehtiyac var”.

Şəymən