Elməddin Muradlı: " Yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir. Bu isə sürücüləri daha çox ziyana salır.""Bilmirəm gecə maşını cin, şeytan sürür ya necə olur ki, yanacaq “uçub gedir”
"Yanacaq doldurma məntəqələrinin insanları aldatması barədə son illər çox şikayətlər olunub”.
Bunu Sherg.az-a yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan çoxsaylı şikayətlərə münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib.
O bildirib ki, hətta sürücülər bəzən konkret faktlar aşkarlayır:
"Eyni zamanda dövlət nəzarət orqanları tərəfindən araşdırmalar zamanı dəfələrlə bu barədə deyilib, xəbərdarlıq edilib. Təəssüf ki, bu pozuntular davam edir. Son vaxt yanacaqdoldurma məntəqələrində yoxlamaların dayandırılması onların daha da əl-qol atmasına gətirib çıxarıb. Onların bu addımları sürücülərin başında çatlayır. Elə yanacaqdoldurma məntəqəsi var ki, 10 litr benzinin yarım litrini kəsir. Avtomobilin yanacaq deposunda 5-6 litr yanacaq olduğu halda yanacaqdoldurma məntəqəsinə daxil olduqda nəzarətçi çənin tutumundan 5-10 litr artıq yanacaq vurduğunu deyir. 60 litr avtomobilin çəninin tutumu var, yanacaqdoldurma məntəqəsində işləyən şəxs 67 litr benzin tutduğunu iddia edir. Dünyanın normal ölkələrində sürücüyə belə desən, məsələ məhkəməyə qədər gedər. Bəzi avtomobillər var ki, yanacağın həcmini dəqiq göstərir. Hətta o avtomobil sahiblərini də aldatmağa çalışırlar.
Problemin kökünü tapmaq üçün aidiyyatı orqanlar məsələyə ciddi yanaşmalıdır. Bununla bağlı cərimələr çox aşağıdır. Ona görə, yanacaqdoldurma məntəqələrinin sahibləri bundan sui-istifadə edir. Məsələn, ildə 1 dəfə yoxlama olursa, 2000 manatlıq cəriməni ödəyən məntəqə bəlkə də il ərzində 200 min manat qazanc əldə edir”.
Vətəndaşların şikayətlərini görməzdən gəlməyin doğru yanaşma olmadığını deyən E.Muradlının sözlərinə görə, aidiyyatı qurumların özlərinin də bu barədə məlumatları var:"Dəfələrlə olub ki, avtomobilin yanacaq çənini doldurmuşam, gətirib həyətdə saxlayıb, gecə sürməmişəm. Səhər istifadə etmək istədikdə isə baxıram ki, artıq benzinin yarısından çoxu yoxdur. Bilmirəm gecə maşını cin, şeytan sürür ya necə olur ki, yanacaq "uçub gedir”? Heç istifadə etmədən maşını bir həftə həyətdə saxlayın, baxacaqsınız ki, yanacaq azalıb.
SOCAR rəhbərliyi dəfələrlə yanacağın keyfiyyətinə dair açıqlama verib. Amma yanacaqdoldurma məntəqələri, fərdi işçilər bu hallara yol verir. Sürücülər benzinlərin kəsilməsinin qarşısını almaq üçün məcbur olurlar adi qablarla yanacağı alıb, sonradan şlanqla benzin çəninə töksünlər. Məntəqələr adama başqa variant qoymurlar. Artıq buna da maneə törədirlər. Belə ki, 10 litrlik qabları aparıb, benzin almaq istədikdə bəzən doldurmurlar.
Ona görə, yanacaqdoldurma məntəqələrinə nəzarət güclənsə, sürücülər üçün qaynar xətt yaradılsa, onlar qarşılaşdıqları faktlarla bağlı müraciət etsələr, yerindəcə araşdırılma aparılsa, bunun effekti olar. Yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir. Bu isə sürücüləri daha çox ziyana salır.
Sürücülər zəhərli qazların miqdarının artıq olmasından şikayətlənir. Bunu da əsaslı olaraq yanacağın keyfiyyəti ilə bağlayırlar. Keyfiyyətsiz yanacağın satılması isə avtomobilləri sıradan çıxardaraq, sürücüləri ikiqat ziyana salır”.
Qeyd edək ki, şikayət edən sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir.
Aysel Aslan