Yanaraq öldü

Uşaqlarınızı kompüterlərdən qoruyun, faciə yaşana bilər



Türkiyənin Adana şəhəri Mərkəz Çuxurova bölgəsindəki Bələdiyyə evləri məhəlləsində yaşayan Karahan ailəsinin 5 yaşlı oğlu Cumali Karahan qonaq otağındakı kompüterin partlaması nəticəsində yanaraq ölüb.
İddiaya görə, kompüter partladıqdan sonra yanmağa başlayıb. Alovlar qısa müddətdə otağın hər yerini bürüyüb.

Uşağının qışqırıqlarını eşidən anası Hüsniyə Karahan 9 yaşlı qızı Bətülü çölə çıxarıb. Yenidən otağa qayıdan gənc qadın alovların arasında qalan oğlu Cumalını xilas etməyə çalışıb, amma alov qadının oğlunu tapmasına imkan verməyib və o, yenidən çölə çıxaraq kömək istəyib.

Gələn xilasetmə qüvvələri iki mərtəbəli evdəki yanğını qısa müddətdə söndürüb. Lakin otaqdan Cumalının yanmış cəsədi tapılıb.
Bu faciəli olay kompüterdən düzgün istifadə, eləcə də təhlükəsizlik qaydalarını nə dərəcədə bilib-bilmədiyimizi gündəmə gətirir.

Aramızda saatlarla kompüter arxasında əyləşən, min-bir oyunlarla başını qatan, dost-tanışla, hətta tanımadığı adamlarla yazışan, mesajlaşanlar azdırmı məgər? Amma yəqin, kimsənin heç yadına da düşmür ki, qarşısında əyləşdiyi bu cihaz fasiləsiz işlədikcə cərəyan onu qızdırır və hər an partlayış, yanğın baş verə bilər. Mütəxəssislər nəinki kompüter, o cümlədən mobil telefonlarla da uzun müddət təmasda olmamağı məsləhət görür. Hətta "yarım saatdan artıq kompüter qarşısında əyləşməyin, mobil telefonla danışmayın” xəbərdarlığı edirlər. Kimdi qulaq asan?! Faciə isə gələndə xəbər vermir. Hərçənd, onun baş verməsi üçün özümüz münbit şərait yaradırıq.

Elektrik cihazları şəbəkədən ayrılmalıdır

Fikir verirsinizsə, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara daim xəbərdarlıq edir ki, evdən çıxarkən elektrik cihazlarını şəbəkədən ayırın. Bununla bağlı FHN-in məlumatlandırıcı, maarifləndirici lövhələri bir çox sosial-iaşə obyektlərində vurulur. Lakin çoxumuz bu

xəbərdarlıqlara əməl etmirik, real təhlükəni görməzdən gəlirik. Adanadakı faciənin əsl səbəbi hələ ki, məlum deyil. Partlama məhz kompüterdən baş verib, yoxsa elektrik naqillərində nasazlıq varmış, hələ bilinmir.

Mütəxəssislər isə partlayışın bir çox amillərdən baş verə biləcəyini deyir.

Paytaxtda fəaliyyət göstərən "Star” kompüter mağazasında çalışan təmir ustası Nadir Qasımov "Şərq”ə açıqlamasında maraqlı məqamlara toxundu:

- Yanğın baş vermiş mənzildə qısaqapanma da ola bilərdi. Bəlkə mənzildəki elektrik naqillərində problem olub. Kompüter varsa, naqillər tez-tez yoxlanmalıdır. Cərəyanın kompüterə nə dərəcədə gəlib çatmasına diqqət etmək lazımdır. Kompüterin naqilləri də yoxlanmalıdır ki, sürtülmüş, yeyilmiş olmasın. Uzun müddət elektrik cərəyanına qoşulu qalan cihazlarda qızma baş verir. Belədə elektrik naqilləri əriyib alışa bilər. Ümumiyyətlə, insanlar çox zaman kompüterlə, mobil telefonla davranış qaydalarını bilmir. Çox vaxt görürük ki, insanlar enerji şəbəkəsinə qoşulu vəziyyətdə olan telefonla ya danışırlar, ya da belə vəziyyətdə telefonda oyun oynayırlar. Ancaq bu hallar təhlükəlidir. Enerji yığmaq üçün elektrikə qoşulan telefonun batareyası qızır, sonra isə partlayaraq insana xəsarət yetirir. İngiltərədə belə hadisə olub. Telefonuna enerji yığmaq üçün elektrik naqilinə qoşan şəxs batareyanın partlaması nəticəsində həyatından olub. Bu onu göstərir ki, heç vaxt mobil telefonu enerji naqilinə qoşulu vəziyyətdə işlətmək olmaz. Gərək gözləyəsən, telefonun batareyası dolsun, onu gərginlikdən ayırasan, sonra rahat istifadə edəsən. Telefonu uzun müddət gərginliyə qoşulu vəziyyətdə saxlamaq da cihazı xarab edir. Telefonun adaptorunu da elektrik paylayıcıda uzun müddət, boş-boşuna saxlamaq olmaz. Cihaz keyfiyyətini itirir. Kompüterlə bağlı da təxminən eyni qaydalar keçərlidir. Kompüteri işlək vəziyyətdə hərəkət etdirmək qətiyyən olmaz. Birincisi, bu, təhlükəlidir, elektrik naqilləri qırıla bilər və qısaqapanma, hətta partlayış da baş verər. İkincisi, bu, kompüterin yaddaşından böyük məlumat itkisinə səbəb ola bilər.

Məsləhət görülür ki, kompüter UPS-ə qoşulsun. Bu xüsusi funksiyadır, kompüter ustaları bilir. Bunun sayəsində kompüter kəskin gərginlik dəyişmələrindən, qəfil elektrik kəsintisindən, hədsiz böyük yüklənmələrdən qorunur. Sistem bloku hava məhdudiyyəti olan yerə qoymaq olmaz - bu onun qızmasına və kompüterin xarab olmasına gətirib çıxara bilər. Havalandırma üçün olan bütün korpus çıxıntıları açıq olmalıdır.

Kompüter intensiv yoxlanmalıdır

Sistem bloka mayenin düşməsinə imkan verilməməlidir, çünki düşən maye qısaqapanmaya və sistem blokda olan detalların yanmasına səbəb ola bilər. Həmçinin kompüter arxasında əyləşərkən yemək qəbul etmək məsləhət görülmür, sistem blokun korpusuna düşən xırda hissəciklər belə müxtəlif problemlərə səbəb ola bilər.

Həftədə bir neçə dəfə kompüteri tozdan təmizləmək lazımdır. Tozun keyfiyyətli təmizlənməsi üçün personal vasitələrdən istifadə etmək lazımdır: xüsusi salfetlər, maye və parça. Ən çox toz sistem blokdakı hissələrdə yığılır və bu da detalların xarab olmasına gətirib çıxarır. Vaxtaşırı sistem blokdakı hissələri də tozdan təmizləmək lazımdır. Əgər özünüz bacarmırsınızsa, onda mütəxəssisə müraciət edin.

Bəzən kompüteri tozsoranla təmizləməyə cəhd edirlər. Bu, qətiyyən doğru deyil. Tozsoran kompüterin gərəkli hissələrinə zərər verib naqilləri qopara bilər. Bu da kompüterin sıradan çıxmasına, naqilə qoşduqda qısaqapanma yaranmasına səbəb olar.

Kompüterin monitoru istilik cihazlarına yaxın qoyulmamalıdır. Cihazlar monitoru qızdırır.

Noutbuk və ya netbukları çarpayının üstünə və ya hansısa yumşaq yerə qoyub işlətmək də qətiyyən məsləhət deyil. Belədə noutbukun platası qızaraq yana bilər və yanğın baş verər. Noutbukun rahat istifadəsi üçün xüsusi altlıqlar olur. Noutbuku onun üstünə qoyub yastığa, döşəyə, istənilən yumşaq yerə qoymaq olar. Bu zaman plata qızmır və noutbuku heç bir təhlükə gözləmir.

Özünüzü və gözünüzü qoruyun

Mütəxəssislər vaxtının çox hissəsini kompüter arxasında keçirənlərə bəzi məsləhətlər verir:

- Kompüter arxasında olarkən iki saatdan bir yarım saat fasilə verilməlidir.

Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə zillənib qalır və tənbəlləşir, daha az qırpılır, bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də, müəyyən fasilə vermək lazımdır. Monitor gözdən 60-70- sm uzaq olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır. Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar. Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər daha çox olur. Tez-tez şüurlu şəkildə gözləri qırpmaq lazımdır. Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur. Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir. İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır. İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır.

Uzun müddət kompüter qarşısında oturmaq uşaqlara daha çox təsir edir, gözdən şikayətlər artır, radiasiyanın mənfi təsirləri müxtəlif cür xəstəliklərə yol açır, duruşda və skelet quruluşunda pozğunluq yaranır. Kompüterdən mütəmadi olaraq istifadə etmək uşaqlarda ciddi bel problemlərinə də səbəb olur. Almaniyanın "Saarland Universiteti”nin keçirdiyi araşdırmaya görə, vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa problemləri daha çox olur. 6-17 yaş arası 1600 uşaq arasında keçirilən araşdırma nəticəsində məlum olub ki, uşaqların 40 faizi dik otura bilmir.

Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin biri-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara nəzarət etmək mümkün deyil.

Kompüter asılılığı insanlarda psixoloji gərginliklə yanaşı, səhhətində də problemlər yaradır. Yuxuya ayrılan vaxt sürətlə azalır, uzun sürən yuxusuzluq əsəb pozğunluğuna, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Kompüter arxasında qidalanmaq, çay, qəhvə içmək isə səhhətə ciddi ziyandır. Düzgün qidalanmamaq insanın zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır.

Məlahət Rzayeva