Fazil Mustafa: “Mən elə bilirdim ki, Nazirlər Kabinetinin üzvləri devalvasiyadan sonra televiziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər”
YAP-çı deputat nazirləri parlamentə çağırdı
“Bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak edirlər”
Fazil Mustafa: “Mən elə bilirdim ki, Nazirlər Kabinetinin üzvləri devalvasiyadan sonra televiziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər”
Fazil Mustafa: “Mən elə bilirdim ki, Nazirlər Kabinetinin üzvləri devalvasiyadan sonra televiziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər”
Ötən gün Milli Məclisin növbəti iclası keçirilib. Toplantıda Azərbaycanın 2016-cı il büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
"Dünya iqtisadiyyatında baş verən hadisələr Azərbaycan iqtisadiyyatına təsir edir” - deyən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə deyib ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansına, ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub: "Bu hadisələr Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılmasını zəruri etdi”.
Z.Səmədzadə qeyd edib ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında heç bir uğursuzluq, problem yaranmayıb: "Bu müddət ərzində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar artıqlaması ilə yerinə yetirilib”. Deputat vurğulayıb ki, dəyişikliklərlə bağlı qanun layihəsində gəlir və xərclərinin artırılması nəzərdə tutulub. Qanuna dəyişikliklər dünyadakı reallıqdan irəli gəlir və gələcəkdə davamlı iqtisadi inkişaf üçün baza yaradacaq.
YAP-çı deputat nazirlərə irad tutdu: "Burda yoxdurlar deyə, sualımı verə bilmirəm”
Müzakirələrə qoşulan hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib. O deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər iclasa qatılmayıblar: "Bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır. İclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak edirlər. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, sualımı verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil”. Deputat Milli Məclis sədri Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb. O.Əsədov isə bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq: "Amma nəzərə alın ki, onların bəziləri cənab Prezidentlə birgə İranda səfərdədirlər”.
"447 milyona "JEK”lərin saxlanılmasına nə ehtiyac var?!”
"447 milyona mənzil-kommunal təsərrüfatının saxlanılmasına nə ehtiyac var?! Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir. Problem olanda başqa sahəyə yönəlir”. Bu sözləri isə deputat Fəzail Ağamalı səsləndirib. O qeyd edib ki, bu qədər vəsaitlə "JEK”lərin saxlanılmasına ehtiyac yoxdur.
Eyni zamanda deputat deyib ki, iqtisadi blok gücləndirilmiş iş rejimində çalışır: "Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal mövcuddur. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir”.
Millət vəkili Musa Quliyev isə ölkəyə idxal edilən dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsindən danışıb. M.Quliyev bildirib ki, bir tərəfdən dərmanların qiymətləri tənzimlənir, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır: "Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki onların ödədiyi ƏDV vətəndaşların ciblərindən çıxır. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir”. Deputat ünvanlı sosial yardım məsələsinə də toxunub: "Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın”.
"Növbəti devalvasiyadan qaçmaq üçün imkanlar var”
İqtisadçı millət vəkili Vahid Əhmədov vurğulayıb ki, ölkədə tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır. Deputatın sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı sahəsinə diqqət artırılmalıdır: "Bununla bağlı, vergi və gömrük orqanlarından xahiş edirəm. Düzdür, son vaxtlar gömrük sistemində çox ciddi islahatlar aparılır. Xüsusilə, sərhəd zonalarında bunu görmək olar. Amma elə etməliyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında problemlər olmasın. Dövlət başçısının son vaxtlar qəbul etdiyi sərəncamlar, fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qərarlar bizə imkan yaradır ki, 2016-cı ildə də çətinliklərə baxmayaraq manatın növbəti devalvasiyasından qaçaq”.
V.Əhmədov əlavə edib ki, yenilənmiş dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə 86 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu, olduqca azdır: "Çünki kənd təsərrüfatında, xüsusilə emal və suvarma sahəsində problemlər həddən artıq çoxdur. Taxtakörpü su anbarı, Şəmkirdə böyük su anbarının inşa edilməsinə baxmayaraq, rayonların su təminatında çox ciddi problemlər var. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti suvarma ilə bağlı xüsusi proqram işləyib hazırlamalı və qəbul etməlidir. Əks təqdirdə, biz kənd təsərrüfatında ciddi irəliləyişə nail ola bilmərik”.
"Nazirlər burada iştirak etsə də, onsuz da biz istədiyimiz suala cavab ala bilməyəcəyik”
Millət vəkili Fazil Mustafa isə nazirləri sərt tənqid edib: "Bu gün hökumət nümayəndələri millət vəkillərinin qarşısına çıxıb hesabat verməkdənsə, xalqın qarşısına çıxıb hesabat versə, daha yaxşı olardı. Mən elə bilirdim ki, Nazirlər Kabinetinin üzvləri devalvasiyadan sonra televiziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər. Hansı işləri görüblər, nə qədər iş yerləri açılıb. Amma hökumət bunu etmir. Nə vaxt Prezident hökuməti yığır, o zaman yığılırlar. Onlar özləri yığışıb hər hansı problemi müzakirə etmirlər. Həmkarım Siyavuş Novruzov deyir ki, nazirlər iclasa niyə gəlmirlər. Nazirlər burada iştirak etsə də, onsuz da biz istədiyimiz suala cavab ala bilməyəcəyik”. Deputat vurğulayıb ki, bir ildə iki dəfə devalvasiya sübut etdi ki, Azərbaycan iqtisadiyyatı primitiv əsaslar üzərində qurulub: "Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadi sistem düzgün qurula bilmədiyindən iqtisadi böhran və devalvasiya zamanı hansısa iqtisadi sektoru bu böhrana tab gətirə bilmədi və nəticədə bütün sahələr büdrədi. Yəni neftdən başqa elə bir sahə yoxdur ki, ölkə iqtisadiyyatını bu gün ayağa qaldırsın”.
Vitse-spiker Fazil Mustafa ilə razılaşmadı
Millət vəkili kənd təsərrüfatı və turizm sektorunun bərbad vəziyyətdə olduğunu da diqqətə çatdırıb: "Turizm sahəsinin inkişafından danışırıq, amma ölkədə o qədər mənasız və bahalı otellər tikilib ki, indi onların 95 faizi boşdur. Hətta otel sahiblərinin işçilərinin pulunu verməyə imkanı yoxdur. İki mərtəbəsinin işığı yandırılır. Digər mərtəbələrdə qənaət etmək üçün işıq yandırmırlar. Bu reallıqdır, heç kim otellərə gəlmir. Digər problem isə "kölgə iqtisadiyyatı”dır. Büdcədə vəsait artırılır. Amma o vəsait hardan toplanacaq? Bəzi iri holdinqlər vergidən yenə yayınacaqlar və nəticədə hər şey sadə xalqdan və vətəndaşın cibindən çıxacaq. Ona görə də bu sahələrdə təcili tədbirlər görülməlidir. Bu gün maaşlar 30-40 faiz qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq. Çünki ölkədəki istehlak səbəti reallığa uyğun deyil”.
Deputatın çıxışı ilə razılaşmayan birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı primitiv formada deyil, sanballı əsasları var: "Əgər belə olmasaydı, 2008-ci ildə Azərbaycan böhrana tab gətirə bilməzdi. Bu gün ölkədə iqtisadi böhran yox, müəyyən çətinliklər var. Hökumətin yaranmış bu vəziyyətdən çıxış yolu üçün proqramı var və yaxın zamanda bu vəziyyətdən çıxacağıq. Ona görə də Fazil müəllim, sözlərinizlə razı deyiləm”.
"İdman kompleksləri, xəstəxanalar, universitetlər özəlləşdirilməlidir. Sonra gec olacaq”
"İndiki çətin şərtlər altında bundan daha mükəmməl bir büdcə layihəsinin hazırlanmasını mümkünsüz sayıram. Amma düşünürəm ki, hökumətin imkanı var idi ki, özəlləşdirməni xeyli genişləndirmək şərti ilə büdcədə gəlirləri böyük dərəcədə artırsın”. Bu təklifi isə millət vəkili Qüdrət Həsənquliyev irəli sürüb: "Mən dəfələrlə demişəm ki, son illər ərzində ölkədə xeyli sayda idman kompleksləri, olimpiya kompleksləri, səhiyyə obyektləri tikilib. Bir neçə ildən sonra hökumət bu obyektlərin saxlanması üçün vəsait tapmayacaq. Nə qədər ki, dağılıb getməyib, bunları özəlləşdirmək lazımdır. Bilirsiniz ki, xüsusilə tibb sahəsində müayinə cihazları az qala hər ay təkmilləşir. Gələcəkdə onları yeni avadanlıqlarla, cihazlarla təmin etmək üçün vəsaitlər
tələb olunacaq. Ona görə, bu obyektləri özəlləşdirmək lazımdır. İcbari tibbi sığorta tətbiq edilməlidir və əhalinin yoxsul təbəqəsi də dövlət hesabına sığorta olunmalıdır. Universitetlər özəlləşdirilməlidir. Biz bunları indi etməliyik. Gözləməməliyik ki, vəziyyət tamamilə o həddə çatsın ki, artıq dövlət onları təmir etməyə vəsait tapa bilməsin və su qiymətinə satsın”.
Q.Həsənquliyev regionlardakı hava limanlarının özəlləşdirilməsinin də vacib olduğunu söyləyib: "Vaxtilə regionlarda aeroportlar tikiləndə mən bu məsələni qaldırmışdım. Lənkəranda aeroport tikiləndə dedim ki, burada velosiped zavodu tikilməlidir. Hər il Azərbaycana 100 min velosiped gətirilir. İndi regiondakı aeroportlar özəlləşdirilməlidir ki, həm də AZAL ilə həmin aeroportlar arasında bir rəqabət mühiti yaransın. Hökumət ciddi şəkildə bu işlərlə məşğul olmalıdır”.
"Nazir Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı?”
"Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar. İqtisadiyyata əsaslı kapital qoyub yeni müəssisə yarada biləcək sahibkarların isə kreditlərə çıxışı çox çətindir” - deyə bildirən Q.Həsənquliyev söyləyib ki, artıq banklar manatla kreditləri yalnız müstəsna hallarda verir: "Dollarda isə kredit götürülmür. Çünki sahibkarlar hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər. Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur. Görəsən, İqtisadiyyat Nazirliyinin, nazir Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı? Onun çıxış yolları barədə bir fikri varmı? Şəxsən bu mənə qaranlıq qalırsa, yəqin ki, sahibkarlar üçün zülmətdir. İqtisadiyyat Nazirliyi ictimaiyyətə bir açıqlama verməlidir. Deməlidir ki, bu problem var və çıxış yolu budur, bunları bu cür aradan qaldıracağıq. Yoxsa sahibkarları müəmmalı vəziyyətdə saxlamaq olmaz”.
Müzakirələrdən sonra Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə təklif olunan dəyişiklikləri qəbul edib.
Anar Bayramoğlu