Məhərrəm Zülfüqarlı: “Tarix yazılarkən bilərəkdən və ya bilməyərəkdən bir çox real mənbələrdən, məxəzlərdən istifadə edilmir”
"Qonşu ölkələrin paytaxtlarında ildə bir-iki dəfə konfrans keçirib deyirlər ki, guya, Azərbaycanın dövlətçilik tarixi olmayıb. Cənubdakı azərbaycanlılar sonradan türkləşmiş kimi təqdim edilir”. Bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. Alim bildirib ki, Azərbaycan tarixinin yenidən akademik nəşrinə hazırlıq aparılır:
"Orta məktəblərin tarix dərslikləri dəyişilməlidir. Eyni zamanda, ilk mənbələr öyrənilməlidir. Xaricdə Azərbaycana məxsus xeyli sayda materialları nəşr etməliyik”. Y.Mahmudov əlavə edib ki, Dərbəndin, Borçalının tarixi yenidən öyrənilməlidir: "Azərbaycan tarix elmində yasaq olunmuş problemlər var. Bu gün doktorluq dissertasiyalarında Azərbaycan ərazisi deyərkən Sovet İttifaqının tərkibindəki ərazilər nəzərdə tutulur. Başqa ölkələrə qarşı ərazi iddiamız yoxdur, amma bizim tarixi torpaqlarımız var. Məhz buna görə tarix dərslikləri, akademik nəşrlər şikəst vəziyyətdədir”. İnstitutun direktoru xüsusilə vurğulayıb ki, XIX-XX əsr Azərbaycan tarixi, II Dünya Müharibəsi tarixi yenidən işlənib yazılmalıdır. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən tarixçi-alim Məhərrəm Zülfüqarlı da deyib ki, orta və ali məktəblər üçün hazırlanmış tarix dərslikləri çoxlu səhvlərlə, ağ-qara ləkələrlə doludur: "Biz hələ sovet dövrünün tarixşünaslığından qurtula bilməmişik. Nəinki qədim və orta əsr Azərbaycan tarixlərində, hətta yaşadığımız, şahidi olduğumuz müasir dövrün qələmə alınmasında belə ciddi çatışmazlıqlar var. Azərbaycan gəncliyi tariximizin ən yeni mərhələsindən məlumatsızdı. Halbuki, tarix yazmaq üçün kifayət qədər mənbələr var. Amma problem ondadır ki, tarix yazılarkən bilərəkdən və ya bilməyərəkdən bir çox real mənbələrdən, məxəzlərdən istifadə edilmir. Uzağa getməyək, qanlı 20 Yanvar faciəsinin şahidi olmuş nəsil indi də yaşayır. Gəlin baxaq görək, tarix kitablarında həmin faciədə ön sırada durmuş milli azadlıq hərəkatı liderlərinin adları varmı? Azərbaycan dövlət müstəqilliyinin bərpa olunduğu günü, yəni 1991-ci il, 18 oktyabr tarixini tarixşünaslığa hansı səviyyədə salmışıq? Müstəqillik aktına imza atan istiqlalçı deputatlar hələ də təqaüd davası edirlər, onlar pensiyadan məhrumdurlar. Dərsliklərdə onlar haqqında bir cümlə də yoxdur. Düşünürəm ki, bir çox tarixi mərhələlər obyektiv şəkildə yenidən yazılmalıdır. Xüsusən ən yeni tariximiz normal səviyyədə qələmə alınmalıdır”. Tarixçi alternativ dərsliklərlə bağlı bir layihəsinin olduğunu da deyib: "Alternativ dərsliklərlə bağlı hazırladığım layihə bir müsabiqədə qalib olub. 4 ay ərzində həm mətbuatda, həm seminarlarda bu məsələni qaldıracağıq və geniş müzakirə edəcəyik”.
İsmayıl