Yarımçıq və ya az çəkili doğumların sayı niyə artır ? - Pediatrdan İZAH

"Vaxtından əvvəl doğum hallarının səbəblərindən biri erkən nikahlar, yetkinlik yaşına çatmayan qızların evlənib, hamilə qalmasıdır”.
Bunu "Sherg.az”a ekstremal çəkili (500-1000 qram) doğulan uşaqlar haqqında danışarkən pediatr Vaqif Qarayev söyləyib. 
O, yarımçıq doğulan və ya vaxtından əvvəl sonlanan hamiləliklərin artdığını vurğulayıb:
"Erkən nikahlarda əksərən ya hamiləlik yarımçıq qalır, ya da ölü uşaqlar dünyaya gəlir. Bu həddindən artıq ciddi məsələdir.
Bundan əlavə, qadınların əvvəlki hamiləlikdə problemlər yaşaması da sonrakı hamiləliklərə təsir edir. İrsi problemlər, ananın keçirdiyi xəstəliklər də erkən doğumların sayını artırır”.
500-1000 qram arası körpələrin həyatda qalıb-qalamasına gəlincə, pediatr diqqətə çatdırıb ki, qanuna görə, həmin körpələr insandır və həkimlər onun həyatı uğrunda mübarizə aparmalıdır:
"Bir müddət əvvəl Azərbaycanda 600 qram doğulan körpənin həkimlər tərəfindən həyatının xilas edildiyi, yaşamına davam etdiyi barədə xəbərlər dərc edildi. Yaxşı olar ki, 2017-ci ildə vaxtından əvvəl doğulan 332 körpənin neçəsinin sağ qaldığı açıqlansın. İstənilən halda, yarımçıq doğulmanın səbəbindən asılı olaraq, həmin körpələrin həyata adaptasiyası həddindən artıq çətindir. Hansısa tibb müəssisəsi ekstremal çəkili körpələri həyata qaytara bilibsə, bu yüksək göstəricidir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynovun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin
təxminən 1 faizini təşkil edir. Baş mütəxəssis bildirib ki, Azərbaycanda vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 30-35 faizi sağ qalır.
Aysel Aslan