Yasamalda binanın həyətinə şiferlər “yağdı”

Sahib Məmmədov binada ümumi mülkiyyətdə olan hissələrin sıradan çıxdığı zaman cavabdehliyin binanın ümumi kondaminiyumunda olduğunu deyib



Yasamal rayon, Şərifzadə 196 ünvanında binalarda xoşagəlməz vəziyyət yaranıb. Sosial şəbəkələrdə yayılan videoda binaların şiferləri dağılır.

Hətta binanın həyətində yerləşən maşınların üzərinə bəzi dəmir parçaları da düşüb. Sakinlər yaranmış durumun ciddi olduğunu və müvafiq qurumların məsələ ilə maraqlanmadıqlarını bildiriblər.

Yaranmış vəziyyəti şərh edən "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov binada ümumi mülkiyyətdə olan hissələrin sıradan çıxdığı zaman cavabdehliyin binanın ümumi kondaminiyumunda olduğunu deyib: 

"Yəni ki, kondaminiyumlar korporativlər necədirsə, həmin qaydada öz binasını idarə etməlidir. Bizdə icra hakimiyyəti orqanları binaları təmir edirlər. Bu başqa məsələ. Ənənəvi olaraq "JEK” dediyimiz MİS-ə ildə bir dəfə pul yığırlar. Ona görə də vətəndaşlar deyə bilərlər ki, MİS gəlsin hər hansı bir təmir işləri aparsın. Əslində isə MİS-də o qədər vəsait olmayacaq. Buna görə də sakinlər ümumi olaraq yığışıb, pul qoyub binanın yararsız hissələrini təmir etdirməlidirlər.

Tutaq ki, mənzil məsələsinə görə binanın kondaminiyumları yaradılıb. Hərə öz idarəçiliyini etməlidir. Lakin bunu çox adam etməyib. Hələ köhnə "JEK” sistemi davam edir. Ona görə də sakinlər deyə bilərlər ki, "JEK” təmir işlərini görsün. Bəzən isə gəlib düzəldirlər. Amma binada əsaslı surətdə dəyişmələr olmalıdırsa, bu, təbii ki, həmin binada yaşayanların birgə mülkiyyətidir. Bunun üçün də özləri təmir elətdirməlidirlər”.

Yeganə Bayramova