Yaxşı ki, dövlət nəzarətindədir

Tarif Şurası olmasaydı, devalvasiyaya görə dərmanların qiyməti çox baha olardı



Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib. Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif Şurasının Katibliyinə yeni səlahiyyətin verilməsi ilə bağlıdır. Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif Şurasının Katibliyi həyata keçirəcək.

Sözügedən dəyişiklikləri "Şərq”ə şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Nazirlər Kabinetinin "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişikliyi prosedura aid məsələdir: 

"Dərman vasitələrinin qiymətləri "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilir. Dəyişiklik bundan ibarətdir ki, dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyət verilir. Belə ki, bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək”.

İndiyədək dərmanların qiymətlərinə bir neçə dəyişiklik edildiyini vurğulayan ekspert deyib ki, ümumən bu, bahalaşma ilə müşahidə olunub. Çünki ölkəyə tibbi dərman ləvazimatları xaricdən gətirilir: "Tarif Şurası olmasa idi, devalvasiya ilə əlaqədar olaraq qiymətlər indi lap, baha olacaqdı. Yaxşı ki, bu məsələ dövlət nəzarətindədir. Çünki bu, çox həssas xarakterli sosial bir məsələdir. Yaxın gələcəkdə ölkəmizin özündə də bir sıra dərmanlar istehsal olunacaq. Artıq bununla bağlı İran və o cümlədən, Rusiya ilə birgə müvafiq müəssisələrin yaradılması istiqamətində addımlar atılıb. Bununla belə, Tarif Şurasının üzərinə hələ uzun müddət böyük vəzifələr və məsuliyyət düşəcək”.

Şəymən