“Konkret tədbirlər görülməlidir. Ucqar kəndlərə müəllim işləməyə gedənlərin məvacibləri əhəmiyyətli dərəcədə artırılmalıdır”
Yaxşı müəllimlər kəndə getmək istəmir
Çünki mövcud güzəştlər yetərli deyil
“Konkret tədbirlər görülməlidir. Ucqar kəndlərə müəllim işləməyə gedənlərin məvacibləri əhəmiyyətli dərəcədə artırılmalıdır”
“Konkret tədbirlər görülməlidir. Ucqar kəndlərə müəllim işləməyə gedənlərin məvacibləri əhəmiyyətli dərəcədə artırılmalıdır”
Dünən Azərbaycanda 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev ərizələrin qəbulunun 1-15 iyul tarixlərində aparılacağını bildirib. Nağıyevin sözlərinə görə, müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb:
"Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhər, 85 faiz rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür. Ən böyük dördlük bunlardır”. Nağıyev deyib ki, vakansiyaların təxminən 45 faizi 4 fənnin üzərinə düşür: "Bunlar kimya, biologiya, fizika və coğrafiya fənləridir. Vakansiyaların sayı kimya üzrə 446 yer, biologiya üzrə 387 yer, fizika üzrə 350 yer, coğrafiyadan 328 yerdir. Ümumi vakansiyalardan 2363 yerə həvəsləndirmə tətbiq olunur. Bu isə hardasa 70 faiz təşkil edir. 30 faiz, 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq olunmur”. Şöbə müdirinin sözlərinə görə, imtahanlar 20-26 iyul tarixlərində planlaşdırılıb: "28 iyul - 2 avqust aralığında imtahandan keçid balı toplayanlar üçün müsahibələr təşkil olunacaq. Avqustun 2-də müsabiqə faktiki başa çatacaq”. Qeyd edək ki, müəllimlərin işə qəbulu prosesində yaşanan ciddi narahatlıqlardan biri müəllimlərin ucqar kənd məktəblərinə işləməyə getmək istəməməsi ilə bağlı olur. Buna səbəb kimi də gənc kadrlar onlar üçün hər hansı həvəsləndirici güzəştlərin olmadığını göstərirlər. İ.Nağıyev isə deyib ki, ucqar kəndlərdə işləmək istəyən və yaşı 35-i keçməyən gənc müəllimlər üçün həvəsləndirici metodlar tətbiq olunur. Onlara gediş-gəliş pulu verilir: "Bu, əməkhaqqının iki misli qismində birdəfəlik ödənişdir. Bundan əlavə, əgər həmin məktəb rayon mərkəzindən 20 km məsafədə yerləşirsə, onlara üç il ərzində aylıq olaraq 60 manat ödənilir. Əgər həmin məktəb 20 km-dən artıq məsafədə yerləşirsə, onlara 60 manatdan əlavə 100 manat da ödənilir. Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis 12 saat dərs alarsa, bu, 155 manat əmək haqqı edir. Əlavə olaraq, üstünə 160 manat gəlsə, 300 manatı aşan məbləğ alınır. Müvafiq olaraq pedaqoji stajı artdıqca, əmək haqqı da artır. Ancaq yenə də bəzi yerlər var ki, oralara müəllim göndərməklə bağlı hər il müəyyən problemlər yaranır. Bununla bağlı hər hansı inzibati üsul olmadığından bu, könüllülük əsasında həyata keçirilir. Vətəndaş oranı seçmədiyi təqdirdə, yük yerli təhsil orqanlarının üzərinə düşür və ora artıq daimi əsasla deyil, müvəqqəti müqavilə ilə müəllim dəvət olunur”.
Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı isə hesab edir ki, ucqar kəndlərdəki müəllim çatışmazlığı problemi təhsilin keyfiyyətinə təsir edən amil olaraq qalır.
Onun sözlərinə görə, rayon və kəndlərdə peşəkar müəllimlərin sayını artırmaq üçün konkret güzəştlərə ehtiyac var: "Mövcud güzəştlər yetərli səviyyədə deyil. Yetərli olmadığı üçün də yaxşı müəllimlər kəndə getmək istəmir. Digər tərəfdən, bəzən həmin güzəştlərin bir qismi formal xarakterli olur. Məsələ ondadır ki, kənd yerlərinə gedən müəllimlərə veriləcək əlavə vəsaitlər təhsil şöbələrinin hesabına olur. Onlar da bildirirlər ki, həmin yardımları ilboyu edəcəklər. Yəni nə vaxt imkan olarsa, onda ediləcək. Bu da kəndə işləməyə gedən müəllimlərin sosial problemlərinin həllinə heç bir kömək göstərmir. Ona görə də konkret tədbirlər görülməlidir. Ucqar kəndlərə müəllim işləməyə gedənlərin məvacibləri əhəmiyyətli dərəcədə artırılmalıdır. Yalnız o zaman peşəkar müəllimlər kənd rayonlarında işləməkdə maraqlı olacaq”.
Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, bu məsələ hazırkı dövrdə ən vacib və qlobal məsələlərdəndir: "Hazırda təyinat məsələsi aradan qaldırıldığından, işsizlik problemi də qabarıq şəkildə özünü büruzə verir. Təyinat olmadığından ali məktəbi qurtaranlar məcburiyyət qarşısında qalırlar ki, özlərinə iş tapsınlar. Bununla yanaşı da ali təhsil alan şəxslərin əksəriyyəti çalışır ki, şəhərlərə can atsınlar. Hazırda şəhərlərdə iş yerləri tükənib. Ümid kəndlərə qalıb. Kəndə getmək də problemin üzərinə yerimək kimidir. Kəndlərə can atan müəllimlər onlara veriləcək güzəştləri nəzərə alıb, bu addımı atır. Mənim bu haqda yetərincə məlumatım var. Ucqar kəndə gedən müəllimlər çətinliklərlə qarşılaşır. Belə ki, böyük ümidlərlə uzun yolu qət edib, problemlərin üzərinə yeriyənlər sonda qalırlar çarəsiz. Orada da torpaq məsələlərində və digər məsələlərdə məmur özbaşınalığı ilə qarşılaşdıqlarından getdiklərinə də peşman olurlar”.
Şəymən