Rəsmi Bakı İsraildə səfirliyin açılması prosesini sürətləndirə bilər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv şəhərinə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Rəsmi səfər çərçivəsində Z.Həsənovun israilli həmkarı ilə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Azərbaycan müdafiə naziri ilk dəfədir ki, İsrailə rəsmi səfərə gedir və bu səfərin geniş rezonans doğuracağı şübhəsizdir. Çünki səfər İsrailin Azərbaycana "Orbiter 1K” pilotsuz zərbə aparatlarını satması ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib.
Səfərlə bağlı açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, müdafiə naziri Zakir Həsənovun Polşanın ardından İsrailə getməsi Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir:
"İsrail Prezidenti, Baş naziri və xarici işlər naziri dəfələrlə Azərbaycanda rəsmi səfərlərdə olublar. Ancaq eyni səfərləri Azərbaycan rəsmiləri İsrailə həyata keçirməyiblər. Hətta ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə mərhum müşavir Vəfa Quluzadə İsrailə gizli səfər edib ki, cənub qonşumuz İran qıcıqlanmasın”.
Ekspert bildirib ki, Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah və sursat alır. Üstəgəl, erməni lobbisi son zamanlar iki ölkə arasındakı hərbi əməkdaşlığa kölgə salmaq üçün İsrail mətbuatında saxta faktlara əsaslanan məqalələr yayımlayır:
"İstər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib, əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi. İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Şübhəsiz ki, səfər Prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, Prezident Astanada İran rəhbəri Həsən Ruhani ilə görüşüb və onu gələn ay Azərbaycana dəvət edərkən, eyni zamanda müdafiə nazirini İsrailə göndərib.
Düşünürəm ki, İrandakı mollaların nə deməsindən asılı olmayaraq, rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq. Çünki bu əməkdaşlıq onun da xeyrinədir, ortada çox böyük regional layihələr var”.
İsmayıl