"Mənim kimi biri üçün iş o qədər önəmli deyil"
"Yaxşı sualdır, amma cavabını bilmirəm" - 700 bal yığan tələbə
"Elə də böyük planlarım yoxdur"
"Mənim kimi biri üçün iş o qədər önəmli deyil"
"Mənim kimi biri üçün iş o qədər önəmli deyil"
"Seçilənlər" rubrikamızın 700 balla ali məktəbə daxil olan bu dəfəki qonağı Sumqayıt şəhərindən Qafarova Floradır. Sumqayıtda Texniki və Təbiət Elmləri Liseyini bitirən Flora qəbul imtahanlarına 2 il müddətində hazırlıq kursunda hazırlaşıb. Hazırda Qafqaz Universitetinin İngilis dili üzrə Tərcümə bölməsində təhsil alır.
- Sınaqlarda nə qədər bal toplayırdın?
Əksər sınaqlarda 650-dən yuxarı bal toplamışam. Amma imtahana yaxın 650-dən aşağı düşmüşdü.
- Qəbul imtahanlarında 700 toplaya biləcəyinə inanırdınmı?
Həmişə 700-ü qəbula saxlamışam deyirdim, amma yenə də gözlənilməz sualların, yəni bilmədiyim bir şeyin olmasından qorxurdum. Ətrafımdakılar, müəllimlərim məndən yüksək nəticə gözləyirdilər.
- Ən yüksək nəticəni göstərmək çətin olmadı ki?
Əgər hazırlaşmaq cəhətdən deyirsizsə, mənim üçün xeyr. Çünki əvvəldən dərsləri yaxşı oxuyurdum. Düzdür, 11-ci sinif proqramında çox axsamalarım oldu, amma son 2 ayda bütün günü çalışırdım.
- Heç olurdumu ki,hazırlığa dərsləri oxumamış gedəsən?
Çox olurdu. Hətta buna görə bir müəllimim məndən ümidini üzmüşdü (gülür).
- Bəs həmin müəllim 700 topladığını biləndə nə dedi?
Dəqiq yadımda deyil, amma deyəsən elə gözlənilməz olduğunu demişdi.
- Qafqaz universitetini, tərcümə bölməsini seçməyinə səbəb nə oldu?
Əvvəlcədən istədiyim bir ixtisas idi və çox çalışmağımın da səbəbi Qafqaz, tərcümə olub. Xarici dillərə olan marağımdan irəli gəlirdi bu sevgim. Daha çox bədii tərcüməçi olmaq istəyirəm. Çünki əvvəllər bədii kitab oxumağa marağım olsa da, daha çox fantastik janr xoşladığımdan bu janrda Azərbaycan dilində kitab çox az idi. İndi ingilis dilində kitablar oxuduqca onların öz dilimizdə də olmasını istəyirəm ki, heç kəs öz marağına uyğun kitab tapmaqda əziyyət çəkməsin.
- Xüsusilə Qafqaz Univeristetinin özəlliyi nə idi sənin üçün?
7-ci sinifdən Qafqazda oxumaq istəyirdim. Universitetin verdiyi imkanlar diqqətimi çəkmişdi. Oxumağa başladıqdan sonra isə burdakı mehriban kollektiv, müəllim-tələbə münasibətlərini gördükdə seçimimdə yanılmadığımı gördüm. Son dönəm dəyişikliklər olsa da, vəziyyət yaxşıdır. Dərslər getdikcə bir az çətinləşir, əlbəttə, bu da gözləniləndir.
- Universiteti bitirəndə işlə təmin etmirlər. Bu səni narahat etmir?
Düzü, yox. Mənim kimi biri üçün iş o qədər önəmli deyil. İşləmək lazım deyil demirəm, amma ondan önəmli şeylər var
- Məsələn, nə?
Ailə.
- Ali təhsili bitirəndən sonra planın nədir?
Hazırda 3-cü kursda oxuyuram. Qafqaz Universitetində ilk il dil hazırlığı olur.
Bitirdikdən sonra magistr oxumaq fikrim yoxdur. Bəlkə, gələcəkdə ola bilər, amma tərcüməçi üçün magistr oxumaq o qədər də vacib deyil. Çox fikirləşməmişəm, universiteti bitirdikdən sonra nə edəcəyimi. Elə də böyük planlarım yoxdur.
- Yaxşı gələcək haqqında danışmayaq onda, bu gündən danışaq. Maddi durumun necədir? Prezident təqaüdü alırsanmı?
Bəli, prezident təqaüdü alıram. Maddi cəhətdən isə heç bir çətinliyim yoxdur.
- Bu qədər uğur əldə etmiş tələbəsən. Necə düşünürsən, bu gün Azərbaycanda tələbənin başlıca problemi nədir?
Məncə, dərslərə marağın olmamağıdır. Çünki bəzi tələbələr istəmədikləri ixtisasda oxuyurlar, digərlərinin istədiyi ixtisas olsa da, bəzi fənlərin özü üçün gərəksiz olduğunu fikirləşdiyindən bu yöndə problemlər olur. İkinciyə aid olaraq məsələn, tərcümə ixtisasının özü geniş bir ixtisasdır, müxtəlif sahələrdə tərcümə müxtəlif cür olur. Dərs proqramında demək olar, bütün tərcümə sahələri ilə tanış olmaq imkanımız olur və gələcəkdə hansı sahəni seçməyimizə yardım edir. Ancaq özünün nəyə marağı olduğunu, hansı sahədə yaxşı olduğunu bilənlər üçün bəzi dərsləri çox sıxıcı ola bilər.
- Niyə abituriyentlər istəmədiyi ixtisası seçir?
Bəziləri evdəkilərin istədiyinə görə, bəziləri yığdıqları bala görə. Olur ki, kimsə yüksək bal toplayır, ona görə istəməsə də, yüksək ixtisas seçir ki, prestiji var. Amma bal toplayıb ixtisas seçmək əvəzinə, ixtisas seçib bal toplamaq lazımdır.
- Qafqazda imtahan sistemi necədir?
Yazılıdır. Müəllimin seçimindən asılı olaraq test də ola bilər, ancaq bu azdır. Hətta şifahi imtahanlarımız da var. Düzdür, bu ancaq bizim ixtisasa aiddir, başqalarında varmı, yoxmu dəqiq bilmirəm.
- Bəzən deyirlər ki, test abituriyentləri tələbələri robotlaşdırır. Razısanmı?
Anlayışı olmayan insan üçün cavabı testlə də tapmaq mümkün deyil, bilən üçün yada salmağa, cavab tapmağa kömək edir. Ancaq robotlaşdırmaqla razıyam, xüsusilə də abituriyentlərdə. Çünki qəbula hazırlaşarkən bəzi müəllimlər yaxud abituriyentlərin özləri testdə necə düşə bilər yönündə hazırlaşırlar.
- 5 fəndən qəbul imtahanlarına hazırlaşırıq. Digər fənləri 10-11-ci siniflərdə ciddi oxuya bilmirik. Səncə mütəxəssis olmaq üçün bu 5 fənn yetərlidirmi?
Əslinə qalsa hazırlaşdığımız o 5 fənn də lazım olmur çox vaxt. Düzdür, bu ixtisasdan da asılıdır. Məsələn, kimya fizika kimi fənlərdə təməl bilgilər lazımdır, amma yenə də universitet proqramı məktəblərdən tamam fərqlidir.
- Universitet proqramı səni qane edirmi?
Bu ixtisasdan ixtisasa dəyişən problemdir. Bizdə fənlərin sayı azdır. Başqa ixtisasları bilmirəm, amma bir tərcüməçi üçün universitet proqramı heç bir halda kifayət ola bilməz, çünki dil öyrənmək geniş sahədir. Xüsusilə də bunu tərcüməyə tətbiq etdikdə.
- Səncə, Azərbaycanda təhsil sisteminin çatışmazlığı nədir?
Yaxşı sualdır, amma cavabını bilmirəm.
- Son olaraq, gənclərə, abituriyentlərə, tələbələrə tövsiyələrini eşidək...
Hər nə olur olsun, bir seçim edərkən öz gələcəklərini, həmin şeyi istəyib istəmədiklərini yetərincə fikirləşsinlər. Çünki hər şeydən əvvəl onların öz fikirləri daha önəmlidir və ətrafda başqaları olsa da, seçdikləri həyatı özləri yaşayırlar. Bütün hallarda abituriyentlərə, təkləbələrə uğurlar arzu edirəm.
Hazırladı: Aysel Aslan