Yazıçı Pərvin: "Tələbələrin 90 faizinin qız olduğunu görəndə..."





"Oxumuş, savadlı insanları, xüsusilə təhsilli qadınları idarə etmək çətin olur”.

Bu barədə "Sherg.az”a UNİCEF-in erkən nikahlar və qızların zorla ərə verilməsi faktlarının artmasından danışarkən yazıçı Pərvin bildirib. 

O diqqətə çatdırıb ki, qızların təhsilə cəlb edilməsi, maarifləndirilməsi erkən nikahların, zorla ərə vermələrin qarşısının alınmasının əsas həll yoludur:

"XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatına nəzər salsaq, görərik ki, maarifçilərimiz, ədiblərimiz qadınların oxuması, maarifləndirilməsi uğrunda mübarizə aparırdılar. Müasir zamanda isə cahil qadın probleminin qalması bir qədər mübahisə doğurur. Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirəm. Bəzən auditoriyada tələbələrin 90 faizinin qız olduğunu görəndə ilk baxışdan savadsızlıq probleminin həll olunduğunu düşünürəm. 

Fikir formalaşır ki, artıq ailələr biliyə, təhsilə qadağa qoymur, qız uşağının oxumasını, karyera qurmasını istəyir. Əslində isə problem hələ də qalır. Elə ailələr var ki, düşüncəsində, qadın yalnız nəsil artırmaq, ailə qayğılarını daşımaq, mətbəx işlərini görmək üçün sadəcə bir obyektdir. Bütün hallarda ümumi millətin maarifləndirilməsi, əsl dəyərlərin ailələrə, qadınlara aşılanması, ailə münasibətlərinin tənzimlənməsi üçün addımlar atılması vacibdir”.

Qeyd edək ki, UNİCEF-in yeni hesabatında uşaq yaşında evləndirilən qızların sayının 15 faiz azaldığı qeyd olunub. Ancaq Afrika ölkələrində bu say daha da artıb. Bildirilib ki, dünyada uşaq yaşlarında ailə həyatı qurmuş 650 milyon qadın yaşayır. Hesabata görə, dünyada hər il 12 milyon qız zorla ərə verilir.

Aysel Aslan