Yazıçı sadəcə yazıb, ədəbiyyat yaratmalıdır

“Maarifləndirmə isə ədəbiyyatşünasların, sənətşünasların işidir...”



Yazar Qan Turalının "Yazıçı alkoqolikə çevriləndə uduzduq biz...” məqaləsi ciddi müzakirə
predmetinə çevrilib. Qan Turalının sözügedən məqalədəki fikirləri ilə qətiyyən razılaşmadığını iddia edən kinoşünas Sevda Sultanova ona cavab yazaraq "Yazıçı alkoqolikə çevriləndə uduzduq biz...” məqaləsinin müzakirəyə təhrik eləyən, bir az da sadəlövh yazı olduğunu deyib.

Qan Turalı yazıb ki, bizim işimiz nədir? Yazmaq! Sonra? Ölkədə maarifi yaymaq, mümkün
mərtəbə daha çox insana çatmaq, onların ruhunu oyatmaq... Onları ədəbiyyatın cazibəsinə salmaq,
daha yaxşı insan, daha yaxşı vətəndaş etmək.

Sevda xanım isə ona cavab yazısında qeyd edib ki, maarifçilik geniş anlayışdır, biliklərin,
mədəniyyətin (bu sözlərin böyük anlamında) ötürülməsi, yayılmasıdır: 
"Turalın gəldiyi qənaət budur ki, yazıçı məşəqqətlərə, əzablara dözməlidir və nümunə kimi keçmişi önə çəkir. Niyə yazıçı, aktyor, sənət adamı insan kimi yaşamamalıdır, əzab çəkməlidir, maddi vəziyyəti acınacaqlı olmalıdır və bunu dilə gətirməməlidir? Bu fikir hardan qaynaqlanır, əsası nədir? Niyə Azərbaycanda düşünürlər ki, sən yazıçısansa, sənətlə məşğulsansa, acından gəbərməlisən, amma fədakar olmalısan. Fədakarlıq hissi niyə güclə yazıçının alnına yazılsın? Məmurdan dahamı fədakar olmalıdır yazıçı?” 

Yazıçının da adi adam olduğunu vurğulayan S.Sultanova deyib ki, yazıçı hansısa planetdən
gəlməyib, su ilə, hava ilə qidalanmır, cəmiyyətdə baş verənlər ona da təsir edir. Ona görəsosiumdan, hansısa problemlərdən danışması, vətəndaş kimi haqqını tələb eləməsi normaldır: "

Hər halda daha fərqli sosial, ictimai, iqtisadi dəyərləri olan ölkədə yaşayırıq. Belə bir dövrdə yazıçının
Sabir kimi, Hadi kimi məşəqqətlərə dözməsi normal deyil, əksinə, onun normal güzəranının
olmaması anormaldır. Məgər Sabirin yaradıcılığında ictimai, sinfi, sosial ədalətsizliyə etiraz
yoxdumu? Və bu, həm də onun şəxsi təcrübəsindən doğan etiraz deyildimi? Turaldan fərqli olaraq
düşünürəm ki, bizdə ədəbiyyat, sənət ona görə acınacaqlı durumdadır ki, biz yazıçının, sənət
adamının məhz acınacaqlı durumda olmasını təbiilik kimi qəbul edirik və üstəlik, ağır sosial
şərtlərdə yaşamağı onun boynuna qoyuruq”.

Bəs görəsən, ədəbiyyatşünaslar necə düşünür? Yazıçının funksiyası nədən ibarətdir? Qan Turalının dediyi kimi, bir yazarın əsas funksiyası xalqı maarifləndirmək və bu yolda hər əzab-əziyyətə dözməkdir. Yəni qələmə sarılan insan özünün məişət qayğılarını, problemlərini unudub, xalqın maariflənməsi istiqamətində təbliğat aparmalıdır, yoxsa Sevda Sultanova haqlıdır: Ədəbiyyat adamlarını fövqəladə missiya ilə yükləməyə ehtiyac yoxdur?

Ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva "Şərq”ə açıqlamasında
hər iki müəllifin irəli sürdüyü arqumentlərin güclü olduğunu deyib. Amma İradə xanımın şəxsi
qənaətinə görə, ədəbiyyatda, sənətdə "malı-məli” vacibliyi yoxdur: 

"Yazıçı sadəcə yazır, ədəbiyyat yaradır. O, sərxoş da ola bilər, qumarbaz da, arvadbaz da və s. Maarifləndirmə isə ədəbiyyatşünasların, sənətşünasların işidir. Ümumiyyətlə, normal cəmiyyətlərdə heç kimə "iş” - sənət, ruh, mənəviyyat işi həvalə etmirlər. Bu mənada Sevda Sultanovanın fikrində həqiqət var ki, niyə biz yazıçılarımızı mütləq dərdçəkən missiyasında görməliyik? Ədəbiyyatın missiyası elə yazmaqdır ki, onun öz kimliyini, necəliyini, bu dünyadakı funksiyasını bilsin”.

"Yazıçısansa, şairsənsə, şəxsi eqonu qırağa qoymalısan, yaxşı əsərlər yazmaq üçün çabalamalısan, maarifi yaymalısan, insanlara nümunə olmalısan” deyə bir məcburiyyət olmadığını vurğulayan tənqidçi belə deyib: 

"Kafka mənim xətrim üçün əzab çəkməyib ki, öz psixoloji-mənəvi, estetik
ovqatını və ya faciəsini ifadə edib. Dostoyevski də həmçinin...”.
Bizim şərq nəsihətçilərinin pedaqoji, əxlaqi-didaktik moizələrinin isə çox vaxt bədii mətn
kontekstindən çıxdığını qeyd edən İ.Musayeva fikirlərini şair Vaqif Bayatlı Odərin şeiri ilə
tamamlayıb:

Gətirin! Gətirin!
Nə qədər qızdırmalı,
Nə qədər azdırmalı dərdiniz var.
Gətirin!
Biz şairlər meşə kimi
Cəngəllik kimi bir şeyik.
Bizdə dərd də ac qalar, məhv olar.
Gətirin dərdinizi azdırın bizdə.

Şəymən