Yeni dağıdıcı silahlar alınıb

Ən müasir raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir
Zakir Həsənov deyib ki, yeni texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək

Dünən müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib. Nazir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi tədris sinfində olub.

"Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış ediblər. Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib. Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib. Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.

"Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir”

Zakir Həsənov deyib ki, Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb: "Bütün döyüş maşınları yenilənib. Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək. Bu gün ordumuz ən müasir texnikalarla idarə olunur. Biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.

"Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

Nazir ordumuzun Naxçıvan əməliyyatına da toxunub: "Naxçıvanda çox uğurlu əməliyyat keçirilib. Neytral torpaq anlayışı yoxdur. Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

"Dövlət ordunun bütün tələbatını ödəyir”

Müdafiə naziri bəyan edib ki, Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir: "Dövlət ordunun bütün tələbatını ödəyir. Bu gün əsgərlərimizə gündə 3 dəfə milli yemək verilir. Onlar ən yüksək keyfiyyətli qidalarla qidalanırlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Hətta əsgərlərin yeməyini də mülki işçilər bişirir. Bütün bunlar döyüş hazırlığına yönəlib. Biz istəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versinlər. Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır”.

"Ali Baş Komandan diplomatiya ilə Sarkisyanın hakimiyyətini bitirdi”

Nazirin sözlərinə görə, düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar: "Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi. Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir. Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır”.

"KİV-lər əsgər ölümləri ilə bağlı məlumat yayarkən həssas olmalıdır”

Zakir Həsənov vurğulayıb ki, hər bir əsgər ölümündən çox ciddi sarsıntı keçirir: "Əsgər həlak olanda ciddi araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub. Bu səbəbdən mətbuat işçilərini hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıram. Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz”.

İsmayıl