Yeni il ərəfəsində əfv gözlənilmir

İndiyə qədər komissiyada toplantı keçirilməyib



Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağının gözlənilən olmadığını deyib.

Komissiya üzvü fikrini belə əsaslandırıb: "Təbii ki, sərəncam verilməsi cənab Prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya toplaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əfv sərəncamının imzalanıb-imzalanmayacağı ilə bağlı fikirlər haçalanır. Bu günlərdə mətbuata açıqlama verən hüquq müdafiəçiləri ilin sonunda ölkə başçısı tərəfindən əfv sərəncamının imzalanacağı ilə bağlı ümidli olduqlarını deyiblər.

Əfv Məsələləri Komissiyasının digər üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə "Şərq”ə açıqlamasında deyib ki, hüquq müdafiəçilərinin əfv qənaətinə gəlməsi ənənəvi olaraq hər ilin sonunda cənab Prezident tərəfindən əfv sərəncamının imzalanması ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, əfv hüququ ölkə başçısının müstəsna səlahiyyətlərinə və konstitusion hüquqlarına aid olan bir məsələdir: "Nə zaman əfv sərəncamı imzalanacağı və kimlərə şamil olunacağı birbaşa Prezidentin şəxsi iradəsindən asılıdır. Odur ki, birmənalı şəkildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əfv sərəncamının imzalanacağı və yaxud əksini iddia etmək doğru deyil. Amma indiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub”.

Daimi olaraq, Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər getdiyini, müvafiq arayışlar hazırlandığını vurğulayan Komissiya üzvünün sözlərinə görə, əfvlə bağlı daxil olan müraciətlər bir-bir yoxlanılır, müvafiq arayışlar hazırlanır. Eyni zamanda Komissiya üzvlərinə daxil olan məktub və müraciətləri də katibliyə və Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoruna göndəririk”.

Şəymən