"Yeni il stuktur islahatlar baxımından maraqlı başlayır, bu islahatlar ümidverici aura yaradır" - Deputat
Dünən Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilsin. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir. Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının balanslarında olan dövlət əmlakına münasibətdə "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görüb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq təkliflərini və müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Fərmanda nəzərdə tutulan komissiyalara və Tarif (qiymət) Şurasına tapşırılır ki, müvafiq işçi qrup və katiblikləri həmin komissiyaların və Tarif (qiymət) Şurasının üzvlərinin təmsil etdikləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə formalaşdırsın, onların əsasnamələrini təsdiq etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Struktur islahatları müsbət dəyərləndirən millət vəkili Fazil Mustafa "Sherg.az"a bildirib ki, ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara daoğru atılan praktik addım kimi qəbul edir:
"Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir.
Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il stuktur islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır".
Ayyət Əhməd