Erkan Özoralın Azərbaycanda fəaliyyət təcrübəsi var
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib. Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq. E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.
Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.
Yeni səfirin gələcək fəaliyyəti ilə bağlı gözləntilərini "Şərq”lə bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanla Türkiyə qardaş və strateji müttəfiq olduqlarına görə, Türkiyənin Azərbaycana səfir təyin etdiyi diplomatların fəaliyyəti daha çox diqqət mərkəzində olur.
Yeni səfirin əvvəllər səfirin müşaviri kimi fəaliyyət göstərdiyini vurğulayan politoloqun sözlərinə görə, onun Azərbaycana qarşı münasibəti müsbət olub hər zaman: "Bundan əvvəlki səfir 4 il müddətində iki ölkə arasındakı tərəfdaşlığı yüksəltmək istiqamətində xeyli uğurlara imza atıb. E.Özoralın da fəaliyyəti ilə bağlı gözləntilərimiz yüksəkdir və ümidlərimiz böyükdür. Onun həm Azərbaycanda fəaliyyət təcrübəsi var”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan regionun əsas dövləti olduğu üçün buradakı diplomatlar hər zaman göz önündə olurlar. Təsadüfi deyil ki, müxtəlif illərdə Azərbaycanda fəaliyyətdə olan Türkiyə səfirlərinin əksəriyyəti geri qayıdanda daha yüksək vəzifələrdə yer alıblar. Bunun nümunələri də var: "Onu da deyim ki, Özoralın fəaliyyəti dönəmində strateji tərəfdaşlıq istiqamətində çox böyük işlər görüləcək. Bilirsiniz ki, bu ilin sonuna qədər Bakı-Tiflis -Qars layihəsinin sona çatacağı gözlənilir. Eyni zamanda, TAP və TANAP boru xəttləri işə düşəcək. Üstəlik də SOCAR-ın Türkiyədə inşa etdiyi zavodlar da fəaliyyətə başlayacaq. Bu isə o deməkdir ki, fəaliyyəti dönəmində yeni səfiri çox böyük proseslər gözləyir və onun bu vəzifələrin öhdəsindən uğurla gələcəyini zənn edirəm”.
Şəymən