“Yəqin onların da əsaslı səbəbləri var”

“Krallıq bu addımı Səudiyyə Ərəbistanı ilə bağlı yayılan xoşagəlməz fikirlərin qarşısını almaq məqsədi ilə atıb”



Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub. QMİ-dən verilən məlumata görə, həmin vaxt Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.

Səudiyyə Ərəbistanı Həcc Nazirliyi bildirib ki, peşəsindən asılı olmayaraq, hər bir müsəlman viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bilər. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilib.

Həcc ziyarəti zamanı bütün dünyanın diqqətinin Məkkə və Mədinəyə yönəldiyini vurğulayan "Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev deyib ki, Krallıq bu addımı Səudiyyə Ərəbistanı ilə bağlı yayılan xoşagəlməz fikirlərin qarşısını almaq məqsədi ilə atıb: "Mən Məkkə və Mədinədə olmuşam, amma jurnalist yox, zəvvar kimi. Təbii ki, Bakıya qayıdandan sonra orda gördüklərimi, yaxşı-pis - səfər təəssüratlarımı yazmaya bilməzdim. Nəticədə isə ortaya müqəddəs yerlə bağlı xoş olmayan tablo çıxırdı. Deyək ki, Məkkədə küçələrdə qalaqlanan zibilliklər və digər neqativ vəziyyətlərin mediaya daşınması Səudiyyə Ərəbistanı tərəfindən yaxşı qarşılanmırdı. Bu ölkə dövlətlərdəki səfirlikləri vasitəsi ilə bu və ya digər mənada narazılıqlarını ifadə edirdi. Əlbəttə, bu yanaşma məsələnin görünən tərəfi idi. Bunu jurnalist olmayanlar, zəvvarlar da çəkib sosial şəbəkələrdə paylaşırdı. Amma professional yanaşma başqa şeydir. Ziyarət vaxtı bütün dünyanın diqqəti Məkkə və Mədinəyə yönəlir. Hər halda qadağa ilə bağlı detallar açıqlandıqdan sonra nə isə demək mümkündür. Yəqin onların da əsaslı səbəbləri var”.

Şəymən