Yollarda sənədsiz dolaşanlar kimlərdir?
Hər kəsin avtomobilinin üzərində dövlət nömrə nişanı olmalıdır
Əlillərin avtomobillərlə təminatı özlüyündə müsbət addım olsa da, həmin avtomobilləri alanlardan bəziləri sonradan digər sənədlərin qaydaya salınmasına maraq göstərmir. Cəmiyyət və dövlət qurumları tərəfindən bu insanlara böyük etimad və hörmət göstərilsə də, bəziləri bundan sui-istifadə edir. Avtomobil dövlət nömrə nişanı olmadan idarə edilir. Bəzən isə dövlət nömrə nişanı alınsa da, avtomobilə vurulmur.
Bu kimi halların sayı çox olduğundan artıq ciddi narahatçılıq yaradır. "Qarabağ Qaziləri” İctimai Birliyi də məhz bu sui-istifadə hallarının qarşısının alınması üçün Daxili İşlər naziri Ramil Usubova dövlət nömrə nişanı olmadan avtomobil idarə edən şəxslərlə bağlı müraciət edib. Bu günə qədər 6 minə yaxın insanın dövlət tərəfindən belə avtomobillə təmin edildiyini vurğulayan "Qarabağ Qaziləri” bu gün ölkəmizdə dövlət nömrə nişanı olmadan idarə edilən çox sayda əlil avtomobilləri ilə rastlaşdıqlarını təəssüflə qeyd ediblər: "Belə hallar rayonlarda daha çoxdur. Bəzi insanlar dövlətin Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğıdan öz məqsədləri naminə sui-istifadə edərək döyüşçüləri gözdən salır. Bu da bizi narahat edir. Düşünürük ki, dövlət nömrə nişanı olmadan avtomobil idarə edilməsi yolverilməzdir. Ən acınacaqlısı isə odur ki, müxtəlif markalı avtomobillərə (yük maşınları da daxil) əlil emblemi vurularaq idarə edilməkdədir. Bizdə olan məlumata görə, onların heç də hamısı əlil deyil”.
"Qarabağ Qaziləri” nazirdən kimliyindən və əlillik dərəcəsindən asılı olmayaraq, dövlət nömrə nişanı olmadan idarə edilən avtomobillərin saxlanması və qanun çərçivəsində tədbir görülməsi üçün ciddi tapşırıq verməsini xahiş ediblər”.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev də problemin mövcudluğunu təsdiqləyib: "Dövlət tərəfindən müharibə əlillərinə verilən avtomobillərin dövlət nömrə nişanı olmadan idarəetmə halları kütləvi xarakter daşımasa da, rast gəlmək olur. Hesab edirəm ki, əlillər də onlara verilən bu hədiyyəni qiymətləndirib qanunun tələblərinə uyğun hərəkət etməlidir. Əlillərin dövlət nömrə nişanı almaması qanun pozuntusudur. İdarə edənin kimliyindən asılı olmayaraq hər bir avtomobilin dövlət qeydiyyat nişanı olmalıdır”.
K.Əliyev deyib ki, əlillər üçün olan avtomobillərin nömrəsiz istifadə olunması sürücülər tərəfindən onların yol verdikləri qayda pozuntusunun müşahidə kameraları vasitəsilə qeydə alınmaması üçün bilərəkdən edilmiş qanunsuzluqdur. Əgər hansı bir şəkildə dövlət qeydiyyat nişanı olmadan hərəkətdə olan avtomobil aşkar olunarsa, həmin avtomobilin sahibi idarəetmədən kənarlaşdırılır və nəqliyyat vasitəsi DYP tərəfindən mühafizə olunan duracağa yerləşdirilir. Yalnız həmin nəqliyyat vasitəsinə təhkim edilmiş dövlət qeydiyyat nişanı avtomobilin üzərinə bağlandıqdan və idarəetmə sahibliyi və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs gəldikdən sonra həmin nəqliyyat vasitəsi buraxılır: "Bir daha vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, müharibə əlilləri dövlət tərəfindən onlara verilən avtomobilləri idarə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə Dövlət Yol Polisinə müraciət edərək həmin avtomobili qeydiyyata salmalıdır. Bu zaman da hər bir avtomobilə olduğu kimi dövlət tərəfindən əlillər üçün verilən nəqliyyat vasitələrinə də qeydiyyat nişanı verilir ki, həmin nömrə avtomobilin üzərinə bağlanmalıdır”.
Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev də bu problemin nazirliyə tanış olduğunu və nəzarətdə saxlanıldığını deyib: "Amma məsələ ondadır ki, nazirlik həmin vətəndaşlara avtomobil verərkən avtomobilə aid bütün sənədləri də onlara təqdim edir. Hər bir vətəndaşa da avtomobilə dövlət qeydiyyat nişanı almaq üçün müvafiq qurumlara müraciət etmələri tövsiyə edilir. Çünki avtomobilə dövlət qeydiyyat nişanlarının da nazirlik tərəfindən alınması nəzərdə tutulmur”.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, məsələni tənzimləmək o qədər də çətin məsələ deyil: "Həmin avtomobillərin sənədləri vətəndaşa veriləndə avtomobilə dövlət qeydiyyat nişanı almaq üçün bu şəxs özü Baş Dövlət Yol Polisi İdarəsinə və onun regional bölmələrinə yaxınlaşmalıdır. Həmçinin ölkəyə avtomobil birinci dəfə gətirilirsə və ya mağazalardan alınırsa, ona tranzit nömrə verilir. Tranzit nömrələr isə bütün avtomobil mağazalarında var. Vətəndaş həmin tranzit nömrə ilə qeydiyyat məntəqəsinə getməlidir. Bu halda problem ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərə avtomobilləri və paket halında bütün sənədləri verir. Qalır yalnız vətəndaş özü gedib avtomobilə dövlət qeydiyyat nişanı alsın. Amma nəzərə alınmalıdır ki, nömrəsiz maşın bir dəqiqə də olsun hərəkətdə olmamalıdır. Yaxşı olar ki, avtomobil vətəndaşa veriləndə ona nazirlik tərəfindən ən azından tranzit nömrə də verilsin. Çünki dövlət tərəfindən pulsuz avtomobil alan bəzi vətəndaşların özləri də bu məsələdən sui-istifadə edirlər. Özləri nömrə almaq üçün getmirlər. Həmçinin onlar bəzən gedib nömrə və dövlət qeydiyyat şəhadətnaməsi alırlar, amma avtomobilə vurmurlar. Onlar cəmiyyətdəki statuslarından sui-istifadə edirlər”.
Şəymən