Yunanlar “xeyr” dedi

Maliyyə problemləri həll olunmazsa, avronun məzənnəsində ciddi dəyişikliklər gözlənilir
“Referendumun nəticəsindən sonra Avropa Birliyi ölkələri çox həssas duruma düşüb, sözün həqiqi mənasında dilemma qarşısında qalıblar”



Ötən həftə Yunanıstanda referendum keçirilib. Referendum Yunanıstan vətəndaşlarının ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməsi, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyi ilə bağlı olub. Referendumun nəticəsinə görə, iştirakçıların əksəriyyəti "xeyr” cavabını verib. Bu isə Yunanıstanın Avropa Birliyinin təklif etdiyi paketi, həmçinin kreditorlar tərəfindən irəli sürülmüş şərtlərin qəbul edilməməsi deməkdir.

Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-ci ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır. Artıq qeyri-stabil maliyyə vəziyyəti ilə əlaqədar ölkədə kommersiya banklarının müvəqqəti olaraq fəaliyyətləri dayandırılıb. Hökumət bankların iyul ayının 7-sində fəaliyyətə başlayacağını deyib. Yunanıstanda keçirilən referenduma münasibət bildirən iqtisadçı-eskpert Natiq Cəfərli "Şərq”ə müsahibəsində Yunanıstanda keçirilən referendumun bir sıra nəticələrinin olacağını deyib. Ekspertin sözlərinə görə, Yunanıstanla olan problemlər həll olunmazsa, avronun məzənnəsində ciddi dəyişikliklər gözlənilir. Yunanıstanla əlaqəsi olan ölkələrin səhm bazarlarında qiymətlərin dəyərdəndüşmə hallarına daha çox rast gəlinəcək.

- Bundan sonra konkret olaraq, Yunanıstanı nələr gözləyir?

- Yunanıstandakı referendumda belə bir qərarın çıxarılması Sipras hökumətinin Avropa Birliyi ilə danışıqlarda "əl”ini gücləndirdi və bundan sonrakı proseslərdə Avropadan daha ciddi güzəştlər istəməsi üçün zəmin yaratdı. Referendum da əslində buna hesablanmış addım idi. Yəni Yunanıstan hökumətinin bu məsələni referenduma çıxarması çox populist addım idi ki, xalqın səsindən istifadə edərək Avropa Birliyi ilə danışıqlarda daha sərt mövqe tutulsun və ciddi güzəştlər əldə olunsun. Hazırda Yunanıstanın iqtisadi durumu həddindən artıq ağırdır. 321 milyard avroya yaxın borcu var. Bu isə ümumdaxili məhsulun az qala iki dəfəsinə bərabərdir. Odur ki, referenduma rəğmən Yunanıstan iqtisadiyyatında dirçəlməyə doğru addımlar atılacağını söyləmək çox çətindir. Bu referendumdan qazanan ancaq baş nazir Aleksis Sipras oldu.

- Yunanıstanın "yox” cavabı Avropaya nə vəd edir?

- Referendumun nəticəsindən sonra Avropa Birliyi ölkələri çox həssas duruma düşüb, sözün həqiqi mənasında dilemma qarşısında qalıblar. Proseslər bir müddət bu cür davam etsə, avronun məzənnəsi kəskin ucuzlaşacaq və Avropa ölkələrinin səhm bazarı ciddi dəyər itirəcək. Hesab edirəm ki, orta və uzun vədədə təsirlərini hesablamaq üçün Avropa İttifaqının atacağı addımları gözləmək lazım gələcək. Əgər bu qədər şantaj və basqılardan sonra Yunanıstana qarşı güzəştlər tətbiq etsələr və Yunanıstanın borclarının silinməsinə getsələr, o zaman bütün Avropada, əsas da Cənub ölkələrində ifrat sol və ifrat sağ siyasi qüvvələr güclənəcəklər. İtaliya, İspaniya, Portuqaliya, Kipr kimi ölkələrdə ifrat uclarda olan siyasi partiyaların hakimiyyətə gəlmə şansı artacaq. Bu ölkələrin Avropa İnstitutlarına olan dövlət borcları 3 trilyona yaxındır. Əgər Avropa Birliyi Yunanıstana boyun əyib ciddi güzəştlərə getsə, bu ölkələrin də sol qüvvələri referendum yolu ilə daha çox güzəşt əldə etməyi qarşılarına məqsəd kimi qoya bilərlər. Onlar da şantaj yolu seçərək trilyonlarla avro olan dövlət borclarını silməyə çalışacaqlar. Avropa Birliyinin də ən çox çəkindiyi bundan ibarətdir. Bu mənada, Avropa İttifatı bacardıqca Yunanıstana qarşı sərt mövqe ortaya qoymalıdır. Əgər Aİ yunanlarla sərt davranıb başqalarında da dərs olacaq qərarlar versə, Avropa İttifaqı və avrozona bir müddət sancılı duruma düşəcək, amma sonra vəziyyət stabilləşəcək. Bir sözlə, dünyaya "ekonomika”, "krizis” sözlər bəxş edən yunanlar yaxın gələcəkdə yeni sözlərin, "avroşantaj” sözlərinin də müəllifi ola bilərlər.

Sözsüz ki, Avropa Yunanıstanı Avropa Birliyi və NATO çərçivəsində saxlamağa çalışacaqlar. Çünki Yunanıstan coğrafi baxımdan strateji bir məkanda yerləşir. Gələcək enerji layihələrinin kəsişdiyi bir nöqtəyə təsadüf edən Yunanıstanın Avropa Birliyi və NATO-dan uzaqlaşması regionda Rusiyanın "əl”in güclənməsi ilə nəticələnə bilər. Avropa Birliyi də bunu bildiyi üçün Yunanıstanla danışıqlarda daha həssas olmağa çalışacaqlar. Amma buna rəğmən Yunanıstana qarşı ciddi güzəştlərin olacağını düşünmürəm.

- Avropa Birliyi müəyyən güzəştlərə getsə, Yunanıstan iqtisadiyyatında dönüş yarana bilərmi?

- Düşünmürəm. Yunanıstan iqtisadiyyatının özülündə o qədər ciddi struktur və sistem problemləri var ki, Avropa Birliyi ciddi güzəştlərə getsələr belə, bu, Yunanıstan iqtisadiyyatının inkişafına rəvac verməyəcək. Borcların bir hissəsi silinsə belə, son illər Yunanıstanın iqtisadi potensialı zəiflədiyi üçün ümumdaxili məhsul 25 faiz azalıb. Bu isə çox böyük rəqəmdir. Həm də ki, Yunanıstan əhalisi yaşlanıb. Ödəmələr yox səviyyəsindədir, əvəzində borclanmalar artır. Yunanıstan əhalisinin 26 faizə yaxınını təqaüdçülərin təşkil etməsi, bu ölkə iqtisadiyyatında bu gün ən böyük problemdir. Təqaüdçülər büdcə üzərində böyük bir yükdür. Eyni zamanda, ölkədə 25 faiz işsizlik var. Bu iki mühüm məqam iqtisadiyyat üzərində çox böyük basqı qurur. Yunanıstan hökumətinin atdığı son addımlar, koalisiyanın seçkidə verdiyi sözü tutmağa çalışmasıdır. Çünki əhalidən səs alarkən söz vermişdi ki, Avropa Birliyi ilə proqramlara yenidən baxılacaq və ciddi islahatların, yəni vergilərin artırılması, əhaliyə verilən maaşların və pensiyaların dondurulması, hətta azaldılması və böyük özəlləşdirmə proqramı Avropa Birliyi ilə danışıqlarda gündəlikdən çıxarılacaq. Bu mənada Yunanıstanı Avropa Birliyində saxlayaraq, "avrozona”dan çıxarılması ən optimal variantdır. Çünki Yunanıstanın "avrozonada qalaraq. Öz problemlərini həll etməsi artıq mümkünsüz görünür. Artıq danışıqlar bu həftədən intensiv xarakter alacaq və həftəsonu yekun qərar açıqlanacaq. Çox güman ki, "avrozona”dan uzqlaşdırılan Yunanıstan öz milli valyutasını, keçmişdə istifadə etdiyi "draxmı”nı yenidən bərpa etməklə öz borclarının bir hissəsini devalvasiya, pul kütləsini artırmaq yolu ilə ödəməyə çalışacaq. Bu proses isə müvəqqəti effekt versə də, orta və uzun vədədə Yunanıstanda struktur islahatları, sistem dəyişikliyi olmasa, bir müddətdən sonra Yunanıstan yenidən böyük problemlərlə qarşı-qarşıya qalacaq.

- Yunanıstan referendumunda əldə olunan nəticələr Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

- Sözün açığı, Yunanıstanda populist solçular, Sipras hökumətinin hakimiyyətdə olması enerji məsələlərində Azərbaycanın axsaması ilə nəticələnib. Son dövrlərdə biz bunun şahidi olduq. SOCAR-ın Yunanıstanın qazpaylayıcı şirkəti ilə ilkin razılaşmasının olmasına baxmayaraq sonradan bu razılaşmanın dondurulması da ilk işartılardan oldu. Bu razılaşma Azərbaycan üçün kifayət qədər sərfəli bir müqavilə idi. SOCAR Yunanıstan ərazisində qazpaylayıcı şirkətə sahib olsaydı, birbaşa istehlakçıya qazın çatdırılması və daha çox gəlir götürülməsi ehtimalı yaranacaqdı. İkinci mühüm məsələ isə TANAP-ın davamı olan TAP layihəsinin böyük bir hissəsinin Yunanıstan ərazisindən keçməsidir. İndiki iqtisadi durumda isə Yunanıstan hökuməti Azərbaycanla danışıqlarda bacardıqca çoxlu güzəştlər əldə etməyə çalışacaq və TAP layihəsinin həyata keçirilməsi üçün daha çox maliyyə vəsaiti və daha çox kredit tələb edəcək. Bu isə danışıqlar prosesində müəyyən problemlər yaradacaq. Bu iki münasibətlər üçün keçərlidir. Problemə daha qlobal yanaşsaq, Yunanıstandakı böhranın dərinləşməsi qeyd etdiyim kimi addım-addım avronun dəyərdən düşməsi ilə nəticələnəcək. Avronun dəyərdən düşməsi isə avtomatik olaraq dolların bahalaşması deməkdir. Baha dollar isə hər zaman neftin qiymətinin ucuzlaşması ilə nəticələnir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin neftin qiymətlərindən asılı olduğunu nəzərə alsaq, Yunanıstanda baş verən hadisələr dolayı yolla Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək.

- Bəs, Rusiya Yunanıstanı öz tərəfinə çəkmək üçün ciddi maliyyə yardımı edə bilərmi?

- Bütünlükdə rus mediasında Avropanın məğlub, Yunanıstanın qalib olması ab-havası hökm sürür. Artıq Rusiyada Avropanın məğlubiyyəti ilə bağlı fikir formalaşdırılıb. Söz yox ki, müəyyən dərəcədə əsasları da var.

Sadəcə olaraq, Rusiyanın özünün struktur və iqtisadi problemləri sanksiyalar və neftin ucuzlaşması ilə əlaqədar son bir ildə o qədər dərinləşib ki, Yunanıstana köklü yardım etməsi onun iqtisadi gücünü aşa bilər. 321 milyard avronu ödəmək Rusiya iqtisadiyyatı üçün mümkünsüzdür. Rusiyanın özünün qızıl valyuta ehtiyatları cəmi 340 milyarddır. Sadəcə olaraq, Rusiya yaranmış şəraitdən istifadə edərək Yunanıstanla daha sıx əlaqələr yaratmağa çalışacaq. Putin Avropa Birliyində fikir ayrılığının dərinləşməsində maraqlı olduğu üçün Yunanıstan vasitəsilə bu proseslərə təsir göstərəcək. Təbii ki, iqtisadi gücü daxilində Rusiyanın Yunanıstana maliyyə yardımı da istisna deyil. Artıq Rusiya tərəfi bəyan edib ki, Türk axını layihəsinin davamı olaraq, Yunanıstan ərazisindən keçən qaz boru kəmərini Rusiya özü maliyyələşdirəcək. Təxminən 2,3 milyard avroya yaxın sərmayə qoymağı planlaşdırır.

Yunanıstana çox ucuz və güzəştli qiymətlərlə qaz satacağını bəyan edib. Bunun özü isə artıq Rusiyanın Yunanıstanda ciddi mövqe qazanmasına xidmət edəcək addımlardır ki, bunun gələcəkdə də davamı ola bilər.

Şəymən