Yusif Bağırzadə daha AMİP üçün maraqlı fiqur deyil

Əli Oruclu: “O, bizim üçün sıravi Azərbaycan vətəndaşıdır, nə işlə istəsə məşğul ola bilər”



Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadə Azərbaycandan gedib. Məlumata görə, 2015-ci ilin sentyabr ayında partiyanın sədri vəzifəsindən və üzvlüyündən istefa verən Y.Bağırzadə bir müddət sonra ölkədən getmək qərarına gəlib.

İddialara görə, o, xeyli müddətdir Qazaxıstanın paytaxtı Astana şəhərində yaşayır. Y.Bağırzadənin orada biznes fəaliyyəti ilə məşğul olduğu vurğulanır. Digər məlumatda isə qeyd edilir ki, AMİP-in sabiq sədri Novruz bayramı zamanı Bakıya gəlsə də, qısa müddətdən sonra yenidən Astanaya qayıdıb. Onun ailəsinin hazırda Bakıda yaşadığı da bildirilir.

Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şura üzvü Əli Oruclu "Şərq”ə bildirib ki, Y.Bağırzadənin partiyaya heç bir bağlılığı yoxdur. Bu baxımdan onun harada olması və hansı sahədə fəaliyyət göstərməsi bizim üçün önəmli deyil: "Bu mənada ki, o, bizim maraq dairəmizdə deyil. Bizim üçün sıravi Azərbaycan vətəndaşıdır. Yeni məlumatlardan da xəbərimiz yoxdur. Çünki istefasından sonra heç bir əlaqəmiz olmayıb”.

Ə.Oruclu Y.Bağırzadənin istefa səbəblərinə də toxunub: "O, mətbuata verdiyi açıqlamada və partiyanın siyasi şurasında göndərdiyi izahatda da göstərib ki, səhhətində problemlər var. Ciddi müalicə olunmalıdır. İstirahət etməlidir. Bundan başqa əlavə nəsə yazmadığına görə, onun iddiasının nə dərəcə doğru-dürüst olmasını deyə bilmərəm. Bir məsələni də deyim ki, Y.Bağırzadənin səhhətində problemlər vardı. O, istefadan qabaq bir neçə dəfə Almaniyada müalicə almışdı. Onurğasında ağrılar yaşanırdı. Əməliyyata hazırlaşırdı. Görünür, xəstəliyi onu narahat edib, bu səbəbdən də siyasi proseslərdən çəkinib. Azərbaycan vətəndaşı olaraq istədiyi sahə ilə məşğul ola bilər. Bu onun hüququdur”.

Ayyət Əhməd