Yusif Bağırzadə üzə çıxmır

AMİP-də hələ də onun istefasının dəqiq səbəbini bilmirlər




Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verib. O, mətbuata verdiyi qısa açıqlamasında qərarını səhhətindəki problemlərlə izah edib.

Lakin göstərdiyi istefa səbəbi inandırıcı olmadığı üçün cəmiyyətdə birmənalı qarşılanmayıb. Təşkilat sədrinin istefasını və ya siyasətdən getməsini parlament seçkilərinə namizədliyinin qeydə alınmaması ilə əlaqələndirirlər.

Xatırladaq ki, Y.Bağırzadə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürüb. Buna rəğmən namizədliyi qeydə alınmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Y.Bağırzadənin özü ilə əlaqə saxlamaq istəsək də, buna müvəffəq ola bilmədik. Bu səbəbdən təşkilatın Siyasi Şurasının üzvü Əli Orucovun fikirlərini öyrəndik. O, "Şərq”ə açıqlamasında bunları söylədi: "Y.Bağırzadə bəyanatında da göstərib ki, səhhətində ciddi problemlər yaranıb. Onun müalicəyə ehtiyacı var. Ona görə də bir müddət sisayətdən kənarda qalmaq istəyir. Başqa səbəblər barədə əlimdə tutarlı faktlar yoxdur. Özü istefasını bununla izah edib”.

Sabiq qurum sədrinin namizədliyinin qeydə alınmamasından söz açan həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, o, seçki prosesindən imtina edib: "Çünki ona xeyli maneələr yaradıldı. Sənədlərini vermədilər. İmza vərəqələrini vaxtında təqdim etmədilər. O da seçki prosesindən imtina etdi. Görünür, səhhətindəki problemlər ağırlaşıb. O, uzun müddət öncə də səhhəti ilə bağlı müalicə alırdı. Onun şəfa tapmasını diləyirik”.

Ayyət Əhməd