Zahid Oruc haqlı irad tutur

“Məmurlar bir işlə məşğul olsa, daha effektli olar”
Ramin Hacılı: “Bir məmurun bir neçə vəzifə tutması halının qarşısı alınarsa, bu, iş yerlərinin sayının artmasına gətirib çıxarar”



Milli Məclisin ötən günlərdə baş tutan sessiyasında millət vəkili Zahid Oruc bir neçə vəzifə daşıyan məmurlar haqqında danışıb. O, qeyd edib ki, bir nazirin kafedra müdiri olması da düzgün deyil:

"Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Xalq yazıçısı Çingiz Abdullayevin dörd vəzifə daşıdığını deyən deputat diqqətə çatdırıb ki, o, elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər: "Ç.Abdullayev mətbuata bildirib ki, "əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?” Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır”.

Parlament üzvünün çağırışına münasibət bildirən "Ümid” Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının sözlərinə görə, artıq dövlət də başa düşür ki, bir neçə vəzifəni icra etmək həm praktiki mümkün deyil, həm də belə olan halda ciddi nöqsanlar ortaya çıxır: "Ona görə də, bir şəxsin yalnız bir vəzifəni icra etməsi daha arzuolunan və effektivdir. Bir şəxsin həm qanunverici, həm də icraedici orqanda təmsil olunması yaxşı hal deyil və buna qarşı da artıq iş gedir. Düşünürəm ki, hansısa məmurun eyni zamanda kafedra müdiri vəzifəsində çalışması qanunvericiliyə ziddir. Bununla yanaşı, praktikada da müəyyən problemlərə yol açır. Z.Oruc haqlı olaraq irad tutub. Bir məmurun bir neçə vəzifə tutması halının qarşısı alınarsa, bu, iş yerlərinin sayının artmasına gətirib çıxarar. Üstəgəl, məmurlar yalnız bir işlə məşğul olarsa, öz işlərini daha dəqiq yerinə yetirə bilərlər”.

Ayyət Əhməd