"Heydər Əliyev sadəcə Azərbaycanı müstəqil bir dövlət kimi qurmaqla kifayətlənmədi, o, dövlətimizi bütün dünyaya tanıtdı”.
Bu sözləri "Sherg.az”a ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə danışarkən millət vəkili, akademik Nizami Cəfərov deyib.
Akademik bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin tarixində böyük bir şəxsiyyətdir və bu, hər zaman belə qalacaq:
"Bütün dünyada hər kəs bilir ki, bu gün öz yolu, tarixi və müstəqilliyi olan Azərbaycan xalqı var. Heydər Əliyevin şəxsiyyət kimi bir mühüm keyfiyyəti var idi. Azərbaycanda elə bir ziyalı yoxdur ki, onun tərcümeyi halında, həyatında Heydər Əliyev olmasın. O, həm xalqımıza, həm də az-çox irəli çıxan bütün şəxsiyyətlərimizə xüsusi qayğı göstərib. Azərbaycan xalqının ayağa qalxması, öz tarixi yolunu seçməsində ümummilli liderin xidmətləri böyükdür.
Heydər Əliyevin hər zaman ədəbiyyat adamlarına xüsusi qayğısı olub. Sovet dönəmindəki yazıçılarımızın qarşısında müəyyən əngəllər olurdu. Məsələn, Nəriman Həsənzadəni, Anarı, Bəxtiyar Vahabzadəni qeyd edə bilərik. Onların hamısının xatirələrində bütün bunlar var. Yazıçılarımız çox gözəl bilir ki, Heydər Əliyev onları necə xilas etdi və yaradıcıllıqları üçün nə kimi imkanlar yaratdı. Mənim də tərcümeyi halımda Ümummilli Liderimizin müstəsna rolu var. Ziyalı insanlar üçün mühüm bir şərt olur. Onlara dövlət tərəfindən qiymətin verilməsi hər ziyalı üçün vacibdir. Dövlət ziyalısına qiymət verirsə, o, 2-3 qat enerji ilə çalışır. Heydər Əliyev bunu bilirdi və ziyalıları önə çəkirdi, onlara hətta layiq olduqlarından qat-qat yüksək qiymət verirdi. Xeyli sayda ziyalılarımızın xalqa xidmət etməsinin əsas göstəricisi Heydər Əliyevin qayğısı idi”.
N.Cəfərov vurğulayıb ki, ümummilli lider müstəqillik illərində Azərbaycanın bütün düşüncə adamlarını ictimai həyatda bilvasitə iştirak etməyə dəvət edirdi:
"Yəni, hər kəs öz gücü daxilində xalqın həyatında, problemlərin həll edilməsində iştirak edirdi. Bu dövlət başçısı olaraq Heydər Əliyevin şəxsiyyətini səciyyələndirən cəhət idi. O, çalışdı ki, bütün Azərbaycan cəmiyyəti öz xalqının taleyində iştirak etsin, kənarda qalmasın. Heydər Əliyev hər kəsi ictimai-siyasi proseslərə qoşdu və insanlar təklənmədi, üz-üzə dayanmadı. Əvvəlki dövrlərdə də insanlar siyasətə qoşulurdu. Amma onlar partiyalar şəklində olurdular, müəyyən ziddiyətlər var idi. Ümummilli liderimiz haqqında bunu kimi çoxlu xüsusiyyətləri qeyd edə bilərik. Onun haqqında nə qədər kitablar yazılıb və bundan sonra da tərtib olunacaq. Zaman keçdikcə Heydər Əliyev dühası daha çox görünür”.
Yeganə Bayramova