Zavodlar tikilir, dərmanlar UCUZLAŞACAQ




Yeni dərman zavodlarının açılması dərmanların qiymətində ciddi ucuzlaşma yarada bilər.

Bunu Sherg.az-a ölkəmizdə 4 dərman istehsalı zavodunun tikiləcəyinə münasibət bildirərkən, tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. 

Professor bildirib ki, bütün dərmanların Azərbaycanda istehsal olunmasına ehtiyac yoxdur, lakin əsas vasitələrin hazırlanması effektiv təsir göstərəcək: 

"Hazırda, alman istehsalı olan, şərq reseptləri əsasında hazırlanmış dərmanlar var ki, bəzilərini istehsal etmək mümkündür. Həmin dərmanlar Azərbaycanda hazırlanarsa, dərman bazarında və səhiyyədə müsbət irəliləyişə təkan verəcək. Bir çox yüksək texnologiya ilə hazırlanan dərmanlar var ki, onların ölkədə hazırlanması mümkün olmaya bilər. Lakin ən çox istifadə edilən vasitələrin, ağrıkəsicilərin və antibiotiklərin, gündəlik istifadə edilən, şəkərli diabed, qan təzyiqi ilə bağlı dərmanlar Azərbaycanda istehsal olunarsa, əhali üçün onların istehlakı daha rahat olar. İcbari tibbi sığorta paketinə də yerli dərmanları daxil etmək mümkündür. Bu dövlətə də ucuz başa gələ bilər. Mühüm dərmanların xaricdən gətirilməməsi dövləti xeyli yükdən azad edə bilər. Daxili bazarda istehsal olunan dərmanın qiyməti də xaricdən gətirilən qiymətlərindən kəskin fərqlənəcək”.

Qeyd edə ki, iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında 2018-ci ilədək Azərbaycanda 4 dərman istehsalı zavodunun fəaliyyət göstərəcəyini bildirib.

Aysel Aslan