“Əgər problemin həlli bələdiyyələrin üzərinə qoyulacaqsa, o zaman gərək bələdiyyələrin əlində hüquqi sənədləri olsun”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda istifadəsiz torpaqlarla bağlı konkret fikirlər səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, istifadəsiz qalan torpaqlar kifayət qədər çoxdur:
"Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin”.
Dövlət başçısının istifadəsiz saxlanılan torpaqlarla bağlı kəskin iradlarından sonra deyəsən, əlaqədar qurumlar hərəkətə keçib. Regionlarda əkinə yararlı, lakin istifadəsiz qalan torpaqların monitorinqi aparılır. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, təyinatı üzrə istifadə edilməyən əkinə yararlı torpaqların monitorinqləri davam edir. Burada əsas məsələ hüquqi bazanın yaradılmasının başa çatdırılmasıdır: "Bu haqda qanunvericilik bazası mövcuddur. Qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün qaydalar hazırlanıb. Bütün nazirliklərlə razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub”.
Nazir həmçinin, torpaqdan istifadə olunub-olunmaması kriteriyalarının hazırlandığını da bildirib: "Yaxın günlərdə o qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birgə tətbiqinə başlayacağıq”.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında problemin kifayət qədər ciddi olduğunu dedi:
- Əgər problemin həlli bələdiyyələrin üzərinə qoyulacaqsa, o zaman gərək bələdiyyələrin əlində hüquqi sənədləri olsun. Amma bu gün 1607 bələdiyyənin torpaq sahələrinin yalnız 30-35 faizinin mülkiyyət sənədi var. Yerdə qalan torpaqların heç bir sənədi yoxdur. Bələdiyyələr həmin torpaq sahələri üzərində mülkiyyətə sahib deyillər. Bələdiyyələrin torpaq fonduna dair heç bir sənəd verilmir. Mülkiyyət sənədinin verilməməsi bir problemdir. İkinci problem fermerlərin, sahibkarların torpağı icarəyə götürmək üçün hərraca çıxmalarıdır. Bu proses isə bəzən aylarla çəkir. Tutalım, fermer 1 illiyinə torpaq icarəyə götürür, növbəti ildə həmin sahədən istifadə etmək üçün gərək hərrac vasitəsilə torpaq əldə etsin. Fermerin işini asanlaşdırmaq istəyiriksə, hərracdan kənar addımlar atılmalıdır. Torpağın icarəyə götürülməsi mexanizmi asanlaşmalıdır. Üçüncü problem isə budur ki, fermer icarəyə götürdüyü torpağı istifadə etmək üçün kredit almalıdır. Bunun üçünsə gərək əlində mülkiyyət hüququ olsun. Mülkiyyət hüququnu təsdiq edən sənəd ona verilmədiyi üçün kredit də götürə bilmir. Yəni, problemlər çoxdur. Bildiyim qədər Milli Məclis istəyir bununla bağlı qanuna dəyişiklik etsin, ancaq buna mane olanlar var. Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə ciddi yanaşılmalıdır. Bir çox hallarda əkinə yararlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilir. Torpaqlar ya istifadəsiz saxlanılır, ya da təyinatına uyğun olmayan şəkildə istifadə edilir. Bunların qarşısı ciddi alınmalıdır. Bu işdə bələdiyyələrin əhəmiyyəti çox böyük ola bilər. Bu şərtlə ki, bələdiyyələrin mülkiyyət hüququ tanınsın. Ondan sonra, qoy bələdiyyələrdən problemin həllini tələb etsinlər.
Məlahət Rzayeva