Zəhər də inhisardadır...
Ölkədə siqaret mafiyası güclüdür
"Siqaretin qiymətinin bahalaşması və yenidən endirilməsi qısa müddətdə baş verdi. Ölkə üzrə qiymət artımı bir gün də elan olundu və qiymətlər bahalaşdı. Eləcə də bir gündə elan edərək siqaretin qiymətini aşağı saldılar”. Bu sözləri "Şərq”ə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ölkədə siqaretin qiymətinin qalxması və enməsinin səbəblərindən danışarkən deyib. Ekspertin sözlərinə görə, bu bahalaşma və ucuzlaşma ondan xəbər verir ki, ölkədə siqaret mafiyası mövcuddur:
"Azərbaycanda siqaret istehsalı ilə məşğul olan inhisarçı mövcuddur. Ölkəyə siqaret isə onun əli ilə gətirilir. İstehsal da onun nəzarəti ilə həyata keçirilir. Qiyməti də həmin inhisarçı müəyyən edir. Ona görə də qiymət artımı həmin adamın marağında idi. Sonradan ola bilsin ki, ölkədə baş verən narazılıqlar qiymətin aşağı salınmasına səbəb oldu. Bu səbəbdən bir anda siqaretin qiymətini endirdilər”.
Ekspertin fikrincə, ölkədə siqaretin qiyməti onun idxal və istehsal dəyərindən dəfələrlə yüksəkdir: "Hətta elə siqaret var ki, idxal dəyərindən 10 dəfə baha qiymətə satılır. Siqaretin qiymətinin yüksək olması iqtisadi amillərlə bağlı deyil. Bu bahalaşma yalnız həmin sahədəki inhisarçılıqla əlaqəlidir. İnhisarçılar da yaranmış vəziyyətlərdən bəhrələnməyə çalışır. Onlar istəmir ki, ölkəyə xaricdən böyük həcmdə siqaret gəlsin. Siqaretin qiyməti dünya bazarındakı qiymətlərə müvafiq olsun. Bir sözlə, bu sahə inhisarda olduğu üçün inhisarçı istədiyi qiyməti diktə edir”.
V.Məhərrəmov bəyan edib ki, 2014-cü ildə ölkəyə 13 milyard ədəd siqaret gətirilib ki, buna da 350 milyon dollar xərclənib: "Onu gətirəndən arayış tələb edən Dövlət Statistika Komitəsi məlumat verməlidir ki, bunlar hansı şirkətlərdir və bu şirkətlər kimə məxsusdur. Azərbaycanda təxminən 3 min tona qədər tütün istehsal olunur. Bir o qədər də xaricdən tütün idxal edirik. Eyni zamanda ixrac edirik. Təxminən 3 min ton tütünlə ölkənin emal müəssisəsinin tütünə olan tələbatını ödəyirik. Bundan əlavə ölkəyə dediyim kimi 13 milyard ədəd siqaret gətirilir. Baxın, siqaretin istehsalında yalnız tütündən istifadə olunmur. Çoxsaylı komponentlər mövcuddur. Həmçinin insanların siqaretdən asılılığını təmin edən maddə var. İdxal olunan siqaretlər təəssüflər olsun ki, hələ də Azərbaycanda istehsal olunmur. Onun ölkəmizdə istehsalı baha başa gələ bilər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanda tütünçülük sahəsini inkişaf etdirmək və tütünün keyfiyyətini yüksəltmək lazımdır: "Bizim tütünün keyfiyyəti tələb olunan standarta uyğun deyil. Ona görə də, istehsal etdiyimiz tütünü keyfiyyəti aşağı olduğu üçün digər ölkələrə ucuz qiymətə təklif edirik. Bu reallıqlar fonunda düşünürəm ki, tütünçülüyə xüsusi diqqət ayırmaq gərəkdir. Onun keyfiyyətini artırmalıyıq. Onun emalı ilə bağlı fermerləri cəlb etmək lazımdır ki, bu iş inhisardan çıxsın. Ona görə ki, inhisarda qalsa, həmin sahəni inkişaf etdirə bilməyəcəyik. Digər ölkələrdə olduğu kimi fermerlər cəmləşib, özləri emal müəssisəsi yarada bilər. Həmin emal müəssisəsində xammalı emal edib, daxili və xarici bazarlara çıxara bilərlər. Bunun üçün də hökumət sahibkarlara şərait yaratmalıdır. Onlar ucuz kredit əldə edib, birləşərək özləri emal müəssisəsi yaratsın və emalla məşğul olsunlar. Onda o inhisarçı bankrot olacaq. Onda digər inhisarçılar da anlayacaq ki, bizneslə məşğul olmaq üçün hiylə işlətməyə ehtiyac yoxdur. Dürüst olmaq lazımdır. Fermerlərin istehsal etdikləri məhsulu normal qiymətə qəbul edilməlidir. Keyfiyyətlə bağlı problem varsa, birgə həll olunmalıdır. Çünki keyfiyyət məhsulun qiymətinə təsir göstərir. Nəyə görə bizə tütün məmulatları xaricdən gəlməlidir? Bizdə istehsal müəssisələri yaradılmalıdır. Bir halda ki, ölkənin iqlim şəraiti buna imkan verir, nədən bu sahəni inkişaf etdirməyək? Bir daha deyirəm ki, sahibkarlar birləşib, istehsalın səviyyəsini və məhsuldarlığını artırmalıdırlar. Məhsulların keyfiyyəti yaxşılaşdırılmalıdır. Belə olan halda onun maya dəyəri yaxşı olacaq. Bu da həm istehsalçıya, həm də sahibkara sərf edəcək. Bu işlə də əslində kənd təsərrüfatı naziri məşğul olmalıdır. Sözügedən nazirlik belə münasibətlərdə arbitr rolunu oynamalıdır. Milli Məclisdə 125 deputat əyləşib. Onlar elə qanun hazırlamalıdırlar ki, inhisarçılığa yol verilməsin. Biznesdə dürüstlük, şəffaflıq yaransın. Xarici ölkələrin asılılığından xilas olmalıyıq”.
Müsahibimiz onu da əlavə edib ki, aqrar siyasət müasir dövrün tələbinə uyğun qurulmalıdır: "Digər ölkələrin təcrübələrindən bəhrələnmək lazımdır. Bu istiqamətdə siyasət aparılmalıdır. Belə olmayan halda problem ortaya çıxır. Yalnız tütünçülükdə deyil, pambıqçılıq, üzümçülük və maldarlıqda da vəziyyət oxşardır. Bütün sahələrdə inhisarçılar problem yaratmaqla məşğuldurlar. Təsəvvür edin dünya bazarında südün bir litri 30 sent olduğu halda Azərbaycanda südü yerlərdə 10 sentə qəbul edirlər ki, bu da istehsalçının marağını azaldır. İnhisarçılar vəziyyətdən süni istifadə edirlər. Həmin sahəni monopoliyaya alan kimlərdir? Əksəriyyəti yüksək vəzifəli şəxslərdir, dövlət məmurlarıdır. Onlar asan yolla gəlir gətirən sahələri ələ keçiriblər. Kəndliləri qul kimi işlətmək istəyirlər. Hamısı yüksək vəzifəli məmurlardır, dərəbəyliklə məşğuldurlar”.
Ayyət Əhməd