
"Zəif, aciz insanlara yazığım da gəlmir" - Fidan Axundova
“Yad uşağa baxa bilmərəm, gərək mənim qanımdan olsun”“Uşaq vaxtından o qədər bacımın qayğısını çəkmişəm ki, içimdə övlad qayğısını çəkmək nisgili yoxdu”
Tanımadığımız tanışlarla həmsöhbət olana qədər olan təəssüratla, onları tanıdıqdan sonra olan təəssürat arasında bəzən o qədər təzad yaranır ki, bir an düşünürsən ki, elə kaş xəyalımda olan insan qədər yaddaşımda qalaydı. Ya da tam əksinə, tanıdığımız tanışla həmsöhbət olandan sonra onu bir də kəşfetmiş olursan. Bu dəfəki müsahibimi bir daha özümdə kəşf etdim. Öz dünyasında həssas bir xanımı elə sizlərin də qonağı etdik. Tanınmış aktrisa Fidan Axundova "Şərq”ə bu günə qədər heç yerdə danışmadıqlarından danışdı.

- Hər vaxtın xeyir Fidan... Uzun müddətdi müsahibə üçün gün təyin edə bilmirdik. Demək qismət bu günə imiş.
- Əslində səninlə həmsöhbət olmaq mənim üçün də maraqlı idi. Çünki səni mətbuatdan, efirlərdən izləyirdim. Sərt bir görünüşün olsa da, şeirə bu qədər dəyər verdiyini düşünməzdim.
- Fidan qadın olaraq kimdi?
- Qadın olaraq Fidan xanım yaxşı övladdı. Həqiqətən yaxşı övlad, yaxşı bacıdı.
- Bunu cəsarətlə deyə bilirsən...
- Bəli, o qədər cəsarətlə deyə bilərəm ki, yaxşı övlad olmuşam həmişə. Fidan yaxşı bacıdı. Bunu mən demirəm, ətrafımda olanlar deyir. Deyirsiz Fidan qadın kimi kimdi? Həm də yaxşı həyat yoldaşıdı Fidan...
- Bəlkə elə qadın sözünün elə ən başında, məhz yaxşı qadın olmağı bacarmaq durur. Yaxşı həyat yoldaşı olmaq o qədər asan deyil.
- Mənim üçün əslində ən vacib olanı yaxşı həyat yoldaşı olmaqdı. Mən həyat yoldaşımın qadını ola bilirəmsə, bu mənə elə gəlir ki, ən önəmlisidi. Baxmayaraq ki, mən həyat yoldaşım üçün nə qədər yaxşı qadın olmağa çalışıramsa, o qədər də anamı, ailəmi diqqətdən kənarda qoya bilmirəm. Mən onları düşünmədən yaşaya bilmirəm, rahatlıq tapa bilmərəm. Bu mənim özümə lazımdı. Mən bunu qarşı tərəfə görə də etmirəm. Vicdanım rahat olur onlara diqqətim olanda. Bəlkə vicdan da deyil. Mən onlarla rahatlıq tapıram. Rahat başımı qoyub yatmaq üçün, boğazımdan rahat çörək keçsin deyə, mən onlara qayğı göstərməliyəm. Özümə sual verəndə ki, görəsən nə edirlər, görəsən nə yedilər, nə çətinlikləri var. Bu suala cavabım olanda rahat oluram. Bu məni sakit edir. Onlara qayğımı göstərəndə rahatlıq tapmış oluram.
- Nə zaman o məsuliyyəti üzərinə götürdün?
- Əslində uşaq vaxtlarından o məsuliyyəti hiss etmişəm. Aydanla mənim aramda 10 yaş fərq var. Mən ona analıq etmişəm. Əsl mənada. Çünki məktəbə onun arxasınca gələndə düşünürdüm ki, görən evdə nə yemək var, Aydanın ürəyincə olan yeməkdi? Evdə nəsə lazım idisə düşünürdüm ki, mən etməliyəm. Mən bunu bacararam. Yəni mən... mən... mən bunlarla böyütdüm özümü. Mən bacararam.
- Bu liderlik iddiası idi, ya aşırı bir ailəyə bağlılıq, sevgidən o məsuliyyəti daşımaq istəyirdin?
- Yox, liderlik deməzdim. Əslində aşırı bir sevgim var doğmalarıma. Mən eləməliyəm. Bir də mən özümü zəif hiss etməyim.
- Ya da səni zəif görməsinlər?..
- Hə, əslində məni zəif görməsinlər. Özümə yazığım gəldiyim vaxtlar da olub, özümü zəif hiss etdiyim anlar da yaşamışam. Amma bunu hiss etdirməmişəm. Kənardan istəmirəm ki, kiminsə mənə yazığı gəlsin, zəif görünüm. Bir dəfə gözüm müsahibədə dolub, sonra yoldaşım qınadı məni. Yenə deyirəm, zəif insanları sevmirəm. Həyat məni bəlkə sındırıb, amma əyilməmişəm, aciz qalmamışam. Ayağa qalxmağa güc tapmışam. Zəif, aciz insanlara yazığım da gəlmir. Anam deyir ki, səni dəyirmana ölü salsan, o biri başından diri çıxarsan. Yəni həyat nə qədər çətin olsa da, mən ayağa qalxmağı bacararam. Bir də realistəm. Ölümü belə qəbul edə bilirəm. Yəni iraq yaxınımın ölümünü belə qəbul edib onunla barışmağa gücüm yetir. Bunu faciə etmək tərzim deyil. Mən bacımı faciəli şəkildə itirmişəm. Amma bu məni həyatdan küsdürməyib. Acım, ağrım olub, amma həyat məni məhv edə bilməyib.
- Əslində bu qədər güclü görünməyə çalışsan da, şeirlərini oxuduqca hiss edirsən ki, o qədər də kövrək bir xanımsan.
- Yox, mən güclüyəm. Mən ölümü belə qəbul edə bilirəm. Mən övlad dərdindən dəli olan ana görmüşəm. Bunu başa düşə bilmirəm. Bəlkə də ana deyiləm, ona görə belə danışdığımı düşünə bilərlər. Mənə deyirlər ki, övladın olsa, belə deməzdin. Mənim də anam övlad dərdi görüb. Bacım rəhmətə gedəndən sonra ayağı tutuldu. Gəzə bilmədi. O iməkləyə-iməkləyə yeriməyi öyrəndi. Mən anamdan güclü olmağı öyrənmişəm. Biz ona kömək etmək istəyəndə o deyirdi, dəymə özüm gəzəcəm. Bacım faciəli şəkildə dünyasını dəyişib, o sözü də anama elə dedilər ki, anam qorxdu, ayaqları tutuldu. Bala dərdi ayağını tutdu. Amma anam güclü qadın idi. Özü ayağa qalxdı. Anamın həyatına baxanda deyirdim ki, bir qadının həyatına bu qədər acı yazmaq olar? Anam baxıb güldü. Gözlərinin rəngi yaşıldı. İşıldayır. Gözəl qadındı. Dedi ki, acı yaşasam da, o qədər də gözəl günlərim olub. Baxıram ki, əslində tərəziyə qoyanda acısı şirinindən çox olub. Əslində gözüsulu qadınam. Mən ən çox bir gün nəyinsə fikrini çəkə bilərəm. Qəlbimə tez toxunmaq olar. Həssas nöqtələrim çoxdu. Həmin nöqtələrə dəyəndə, ağrıyıram o ağrı məni gücləndirir. Bir şeirim var.
Mənə tərəf gələn ağrı,
Mənə tərəf gələn acı, öyünməsin.
Qoy ürəyim daşa dönsün.
Heç ürəyim döyünməsin.
- Bayaq dedin övlad sahibi deyilsən. Hər qadın ana olmağı arzulayır. İstərdinmi övlad sahibi olasan?
- Qoy sənə tam səmimi deyim. İlk dəfədi bu barədə danışıram. Mən efirdə belə bunu etiraf etməmişəm. Ətrafımda olanlar bilir. Mən uşaq vaxtından o qədər bacımın qayğısını çəkmişəm ki, içimdə övlad qayğısını çəkmək nisgili yoxdu. 40 yaşım olacaq. Bilirəm də ki, övladım olsa, ona üfürə-üfürə baxaram. Məsuliyyətim var. Amma qismət, müalicə də etdim. Yəqin belə qismət imiş, deyirlər canından olsa, sən bilmirsən ana olmaq nədi. Yenə mənə çatmır. Yaşamamışam. Hərdən olur, körpə uşaq görəndə istəyim olur. Amma hər uşağı da sevən biri deyiləm. Elə uşaqlar olur ki, o uşağı görəndə içim titrəyir. Cəhd etdim çox. Nəsə alınmadı. Bir də içimdə bir qorxu var. Ana olmağa bəlkə qorxum var.
- Bəlkə o qorxu sənə imkan vermir. Yəni özünü ana olmağa hazır hesab etmirsən?
- Bəlkə də hə, hazır deyiləm. Bəlkə də qorxuram, içimdə o dəhşətli istək yoxdu. O qədər ana olmağı istəmirəm.
- Heçmi tələbat yaranmayıb. Bəlkə qadın olaraq tam xoşbəxt olmaq üçün övlada ehtiyac yaransın.
- Qadın olaraq xoşbəxt olmaq üçün soruşursan? Yox. Yəni mən kimsəsiz bir adaya belə düşsəm, orda özümə elə bir vəziyyət yarada bilərəm ki, orda xoşbəxt olum.
- O adada tək xoşbəxt ola bilərsən, ya sevdiyin insan yanında olmalıdı.
- İnanın onu yanımda arzulayıram. Hə, yoldaşım yanımda olsa, o adada da xoşbəxtlik taparam. Çünki o mənə yetir. Bilmirəm, bəlkə nə vaxtsa deyirəm ki, övladım olsaydı xoşbəxt olardım. Amma mənə bu gün sevdiyim insanın varlığı yetir.
- Fidan necə, ona yetirmi?
- Yetir. Mən əminəm ki, yetir.
- Bir az şəxsi sualım olacaq.. Övlad götürmək istəyin olubmu? Yəni övladlığa uşaq götürə bilərsən.
- Bir dəfə anam mənə bu sualı verdi. Dedi kiminsə uşağını götürsən baxarsan? Dedim qətiyyən, yad uşağa baxa bilmərəm. Mənə aid olanla yetinən insanam. Amma bacımın, Aydanın övladını götürə bilərəm. Aydana da demişəm ki, mənə övladını versən ona analıq edə bilərəm. Yəni o uşaq mənim qanımdan olmalıdır ki, mən ona bağlana bilim. Aydan mənim əlimdə böyüyüb, o mənim üçün bacı deyil, sanki övladımdı. Mən Aydanı böyüdə-böyüdə analıq qurdumu öldürmüşəm. Yəni ona analıq edərək ana olmaq ehtiyacımı yaşamışam. O mənim övladım kimidi.
- Şeirlər yazırsan. Bəzən deyirlər yaşamasan onları yazmaq olmur. Yaşadığını sətirlərə köçürmüsənmi?
- 12 yaşımdan şeir yazıram. Bütün qaydalara da diqqət yetirirəm ki, heca vəzni pozulmasın, filan. Amma heç vaxt onları dərc etməyi düşünməmişəm. Mən ədəbiyyatı güclü bilirəm. Rübabə müəllimə mənə ədəbiyyatı sevdirib. Yoxsa mən həkim olmaq istəyirdim. Mən tibb texnikumunu bitirəndən sonra o sahədə çalışırdım. Orda hiss etdim ki, incəsənət məni özünə çəkir.
(Davamı var)
Tahirə Məmmədqızı