Zəiflədi, daha qorxusu yoxdur

Ancaq mütəxəssislər hesab edir ki, Bakıya gələn tozun tərkibi araşdırılıb əhaliyə məlumat verilməlidir


Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlər zamanı Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirlikdən verilən xəbərə görə, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, xüsusilə də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Şərq”ə açıqlama verib. Onun sözlərinə görə, artıq tozun miqdarında kəskin enmələr və azalmalar müşahidə olunub:

"Bu, təbii xarakterli bir hadisədir. Ərəbistan yarımadasında səhra burulğanları atmosferin yuxarı qatlarına qədər qalxıb. Kiçik hissəcikli tozlar atmosfer axınları ilə küləyin istiqamətindən asılı olaraq daşınır. Artıq keçən həftənin şənbə günündən bugünkü günə qədər proses zəifləyib. Proses ayın 14-nə qədər inkişaf eləmişdi və artıq 14-dən sonra axın istiqamətini dəyişdi”.

Məsələni tibbi müstəvidən şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bu cür hallarda profilaktik tədbir kimi əhalinin tibbi maskalardan istifadə etməsini bildirib. Professor həmçinin məsələ ilə bağlı KİV-lərin təbliğat aparmalı olduqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, təbliğatla bağlı imkanlar var, lakin bundan yetərincə yararlanmırlar: 

"Tozun miqdarının normadan artıq olması atomosferlə bağlı olur. Təbii ki, toz bir müddətdən sonra çəkilir və tədricən yerə çökür. Sadəcə olaraq tozun daha çox yayıldığı zaman müəyyən tədbirlər görməliyik. Həmin gün çöldə mümkün qədər çox olmamaq lazımdır. Tozla təmas imkanları minimuma endirilməlidir. Yaxşı olar ki, toz olan müddət qapı-pəncərələr açıq qalmasın və mümkün qədər evə daxil olmasının qarşısı alınsın. Müvafiq strukturlar tozun tərkibini araşdırmalı və hansı radioaktiv elementlərdən, kimyəvi tərkiblərdən ibarət olduğu ilə bağlı əhali məlumatlandırılmalıdır”.

Yeganə Bayramova