Zəlimxan Məmmədli ata yurduna hələ də gedə bilmir

Bəlkə də Gürcüstanın siyasi hakimiyyətindəki ermənilər buna imkan vermirlər




"Təəssüf edirəm ki, Gürcüstana yenə də gedə bilmədik”. Bu sözləri "Şərq”ə bir müddətdir ki, bu ölkəyə buraxılmayan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, rəsmi Tiflis türk toplumunun maraqlarına uyğun olmayan bir xətt tutub:

"Doğrudur, böyük gözləntilərimiz vardı. Ümid edirdik ki, mart ayının əvvəllərində ora səfərimiz baş tutacaq. Lakin razılıq əldə olunmadı. Bəlkə də Gürcüstanın siyasi hakimiyyətindəki ermənilər buna imkan vermirlər. Lakin bütün hallarda bizə tətbiq olunan yasaq adıçəkilən ölkənin xətasıdır. Məlumdur ki, "Novruz” sabiq prezident Mixail Saakaşvilininin dönəmində rəsmi dövlət bayramı elan olunub. Bu bayram ərəfəsində də xoşməramlı addımın atılmasını gözləyirdik. Olmadı. Buna rəğmən mübarizəmiz davam edir”.

Cəmiyyət sədri onu da diqqətə çatdırıb ki, məlum qadağaya dair Gürcüstanın bütün siyasi partiyaları, ictimai qurumları və eyni zamanda Azərbaycan prezidentinə müraciət hazırlayırlar: "Sonuncu müraciətimiz olacaq. Bundan sonra müəyyən aksiyalar həyata keçirəcəyik. Düşünürəm ki, bütün davranışlarımızda haqlıyıq. Gürcüstan tərəfi yanlışdır. Yanlışlıq qısa zaman kəsiyində ortadan qalxmalıdır. Buna rəvac verənlər bilsinlər ki, etdiklərinin bədəlini ödəyəcəklər”.

Ayyət Əhməd