“Zika” virusu hələ Azərbaycana gəlməyib

Adil Qeybulla: “Odur ki, özümüzə problem yaratmamaq üçün indidən bütün profilaktik tədbirlərə əməl etməliyik”



"Donuz qripi”nin xofu canımızdan çıxmamış indi də dünyanı "Zika” virusu qorxuya salıb. Artıq Avropada böyük bir dalğa başlayıb və öldürücü viruslar sürətlə dünyanın üstünə kükrəyir. Braziliyadan yayılmağa başlayan xəstəlik Cənubi Amerikada meydana çıxıb, daha sonra isə Avropanın da bir neçə fərqli ölkəsində aşkar olunub. İngiltərə və Hollandiyadan sonra Danimarkada da 1 nəfərin "Zika” virusuna yoluxduğu müəyyənləşdirilib.

Yayda keçiriləcək Olimpiada oyunlarını da təhlükəyə atan bu virus haqqında hələ ki çox az şey bilinir. Bununla belə artıq Ümumdünya Səhiyyə Təşkilatı bu pandemiyaya qarşı mübarizəyə başlayıb. Çünki "Zika” xəstəliyinin arealı genişləndikcə virusa yoluxmaq qorxusu artır. "Zika” virusunu araşdıran amerikalı alimlər ona qarşı peyvəndin ancaq 10 il sonra tapılacağını bildiriblər.

Dünya Səhiyyə Təşkilatının regional bölməsi olan Pan Amerika Səhiyyə Təşkilatı xəstəliyin 22 ölkədə, xüsusən də Cənubi Amerikada yayıldığını bəyan edib. Cənubi Amerika ölkələri ağcaqanadlardan keçən və qüsurlu doğumlara səbəb olan "Zika” ilə mübarizə üçün vətəndaşlara hamilə qalmamağı tövsiyə edib. ABŞ Prezidenti Barak Obama virusun yayılması ilə əlaqədar Amerika xalqının sağlamlığını təmin etmək üçün təcili toplantı keçirib.

"Zika” virusunun Azərbaycanda aşkarlanma ehtimalı çox az olsa da, ekspertlər hesab edir ki, vətəndaşların təhlükəsizliyinin tam təminatı üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yəni ki, "Zika” virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əks-epidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilməlidir.

Virusların həyatın qeyri-hüceyrəvi forması olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, virus hüceyrə kimi artıb bütün canlıları məhv etmək iqtidarında deyil. Viruslar ancaq canlı orqanizmə düşərək, onun resurslarından istifadə edərək artıb-çoxalır. Konkret olaraq "Zika” virusuna gəldikdə isə professor bu virusun da "Donuz qripi” kimi qorxulu xəstəliklərdən biri olduğunu deyib: "Zika” virusu ilk dəfə 40-cı illərdə qeydə alınıb. Qrip şəklində özünü büruzə verən xəstəlik halsızlıq, qusma, qızdırma, dəridə, gözdə qızartıya səbəb olur. Müəyyən dövrlər ərzində bu virusun yaratdığı fəsadlar lokallaşdırılaraq aradan qaldırılıb.

Ağcaqanadlar yolu ilə keçən "Zika” virusu flaviviruslara aiddir. Onlar qısa müddət ərzində toxumaların sıradan çıxmasına, qan laxtalanma sisteminin pozulmasına, yeni doğulan uşaqlarda beyin zədələnməsinə səbəb olur”. Professor deyib ki, ağcaqanad vasitəsilə xəstə insandan sağlam insana keçən "Zika” pandemiyaya meyllidir. Ümumiyyətlə, hava-damcı yolu ilə yayılan və ağırlaşmalarla müşayiət olunan. Virusların hamısı təhlükəli olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı qabaqlayıcı tədbirlərlə bağlı çox ciddi addımlar atmağa başlayıb: "Xüsusilə də, texniki səhiyyə imkanları aşağı olan üçüncü ölkələrdə ÜST-nin xətti ilə xeyli yardımlar göstərilib. "Zika” virusu ancaq yayıldığı arealın yox, bütün dünyanın problemidir. Mümkün qədər bu virusu yayıldığı bölgələrdə lokallaşdırmaq və ondan müdafiə mexanizmlərini gücləndirmək lazımdır. "Quş qripi”, "Ebola” virusu, "Donuz qripi” də olduğu kimi "Zika”ya qarşı da dünya əlbir işləməlidir. Xüsusi təhlükəli infeksiyaların geniş ərazilərə yayılması bəşəriyyət üçün çox ciddi təhlükə deməkdir”.

Ekspert bildirib ki, virusun dünya ölkələrində sürətlə yayılmasını nəzərə alaraq xarici ölkələrdən Azərbaycana gələn şəxslərin səhhəti ciddi şəkildə yoxlanılmalıdır: "Xüsusən də xəstəliyin yayıldığı ölkələrdən gələnlər müayinədən keçirilməli, xəstəliyin əlaməti aşkarlanarsa, dərhal sərhəddə karantində saxlanılmalı, ölkəyə buraxılmamalıdır. Bunun üçün aidiyyəti orqanlar öncədən təhlükəsizlik tədbirləri görməlidirlər. Yüksək hərarəti, halsızlığı olan şübhəli şəxslər nəzarətə alınmalı, yalnız hər hansı bir virus daşıyıcısı olmadığı aşkarlandıqdan sonra ölkəyə buraxılmalıdır. Biz mümkün qədər "Zika” virusunun Azərbaycanda yayılmasının qarşısını almalıyıq. Çünki infeksiyanın yaranması həm insan tələbatı ilə nəticələnə, eyni zamanda əhalinin əmək qabiliyyətinin azalması fonunda iqtisadiyyata xeyli zərbə vura bilər. Bu isə müəyyən mənada sosial həyatın iflic olması deməkdir. Odur ki, özümüzə problem yaratmamaq üçün indidən bütün profilaktik tədbirlərə əməl etməliyik. Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki, virusun vaksini yaradılmayıb. Ondan necə qorunmaq, hansı tədbirlər görmək haqda məlumat yoxdur. Bunu nəzərə alaraq daha ehtiyatlı olmaq lazımdır”.

Bu cür təhlükəli virusların maraqlı qüvvələr tərəfindən bilərəkdən yayılması ilə bağlı söz-söhbətlərə gəldikdə isə tibb eksperti bunun kifayət qədər ciddi ittiham olduğunu deyib: "Xüsusi təhlükəli virusların süni olaraq yaradılması ilə bağlı söz- söhbətlərin bir fərziyyə kimi ortaya atıldığını güman edirəm. Hər halda bunu iddia etmək konkret ittiham irəli sürmək deməkdir. Ancaq bu barədə şüur altında düşünülə bilər ki, bu xəstəlik hardan yarandı.

Əslində isə belə bir dəhşətli ittiham irəli sürmək insanlığa qarşı cinayət kimi dəyərləndirilə bilər. Bu cür şayiələrə zaman-zaman mən də rast gəlmişəm. Amma bunu sübut eləmək lazımdır”.

Şəymən