Şagirdlərinin yerdəyişməsi elektron sistem vasitəsilə aparılacaq



Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.