Uşaq pulu mövzusu ətrafında müzakirələr manipulyativdir

Pərviz Heydərov: “Simvolik bir məbləğdə uşaq pulunun bərpası adı ilə sərəncam verib bu sahədə maliyyələşməyə başlamaqla istənilən məqsədə nail ola bilmərik”

“Ona görə bunu elə təmin etmək lazımdır ki, həmin uşaq pulu deyilən anlayışın altında verilən vəsait həqiqətən də sosial ehtiyacların ödənilməsinə yardım etsin”




Ölkəmizdə uşaqlara verilən müavinətlərin bərpası ilə bağlı müzakirələr bitmək bilmir. Son günlər cəmiyyətimizdə gündəmin əsasını məhz bu mövzu təşkil edir. Lakin həm müavinət,  həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramlarının paralel icra oluna bilməyəcəyi ilə bağlı müəyyən fikirlər səsləndirilməkdədir.

"Uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirir. Yəni, ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hiss olunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədəuğundur.

Beləliklə, uşaq pulu mövzusu ətrafında müzakirələr manipulyativdir, süni gözləntilər və ardınca narazılıqlar doğurur.



Mövzunu dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bildirdi ki, uşaq pulunun bərpası ilə bağlı əvvəllər də müzakirələr gedirdi.

Ekspertin sözlərinə görə, hələlik uşaq pulunun bərpası haqqında söhbət getməklə yanaşı mexanizminin necə olacağı ətrafında da ciddi mübahisə və müzakirələr aparılır:

“Bu, olduqca müsbət haldır. Çünki uşaqlar üçün müəyyən yaş həddində hansısa məbləği təmin edib, uşaq pulunu bərpa elədi deyə hökumət populist addım atsa, bunun səmərəlilik dərəcəsi görünməyə bilər.
Ona görə bunu elə təmin etmək lazımdır ki, həmin uşaq pulu deyilən anlayışın altında verilən vəsait həqiqətən də sosial ehtiyacların ödənilməsinə yardım etsin. Yoxsa simvolik bir məbləğdə uşaq pulunun bərpası adı ilə sərəncam verib bu sahədə maliyyələşməyə başlamaqla istənilən məqsədə nail ola bilmərik”.

Sosial müavinətlər və ünvanlı yardımlarla paralel olaraq uşaq pulunun verilməsinin məqsədəuyğun olmaması məsələsinə gəlincə, iqtisadçı hesab edir ki, hələlik bu barədə konkret bir fikir söyləmək tezdir:

“Əvvəla uşaq pulunun bərpasına ayrıca olaraq yanaşılmalıdır. Bu, xüsusi diqqət tələb edir. Məsələni sosial müavinətlər və digər sosial xarakterli ödənişlərlə əlaqələndirmək düzgün deyil. İndiki şəraitdə uşaq pulu məsələsinə ayrı bir konteksdə yanaşmaq tələb olunur.

Bu sahədə tələsgənliyə yol vermədən olduqca mükəmməl bir mexanizmin hazırlanması zəruri xarakter daşıyır”.