“Son günlər "siyasi mühacir" və ya "mühacir müxalifəti" kimi təmtəraqlı adlar altında özlərinə xaricdə sığınacaq tapmış bəzi azərbaycanlılar sosial şəbəkələr, internet televizyaları üzərindən canlı yayımlar vasitəsilə mütəmadi şəkildə xalqı “inqilaba” çağırır”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədrinin sözlərinə görə, bəziləri hətta konkret təqvim göstərərək, həmin tarixdə xaricdəki bütün azərbaycanlıların ölkəyə dönüb mövcud hakimiyyətə qarşı kütləvi etirazlara başlamalarına çağırış edirlər:
“Ölkə daxilindəki müxalifətin radikal qanadı demək olar ki, mühacir müxalifətlə eyni mövqedən çıxış edir. Onlar da xalq kütlələrini mifik “inqilab”a dəstək verməyə səsləyirlər.
Onların çoxsaylı trolları isə “inqilab” çağırışlarına qarşı çıxan şəxslərə sosial şəbəkələrdə aqressiv münasibət sərgiləyirlər. Müxtəlif paylaşımların altında qeyri-etik şərhlər yazaraq həmin şəxsləri təhqir edirlər.
İstər mühacir müxalifətin, istərsə də ölkə daxilindəki radikal müxalifətin ən fəal fiquru isə heç şübhəsiz ki, AXCP sədri Əli Kərimlidir.
"Cəbhə" lideri və onun trollar "ordu"su son günlər xüsusi canfəşanlıq göstərir. Radikalların ölkədə baş verən hər bir hadisəni, iqtidarın atdığı hər addımı, hökumət rəsmilərinin az qala hər sözünü kontekstdən çıxararaq cəmiyyətə başqa cür təqdim etməyə və iqtidarı hər vəchlə təxribata çəkməyə çalışmasının arxasında bir neçə məqsəd dayanır.
“İnqilab” çağırışlarının arxasındakı əsas məkrli plan Azərbaycanı vətəndaş müharibəsinə sürükləməkdir. Ölkədə siyasi hərcmərclik yaratmaq və yaranmış fürsətdən istifadə edib mövcud iqtidarı devirməkdir. Onları maliyyələşdirən xarici güclərin məqsədi isə nisbətən daha qlobal xarakter daşıyır. Məqsəd Azərbaycanı boyunduruq altına salmaq, oyuncaq dövlətə çevirməkdir”.
Ə.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi müəyyən xarici dairələri qane etmir:
“Onlar Azərbaycanı xaosun hökm sürdüyü ölkəyə çevirmək planlarını məhz sözügedən dağıdıcı antimilli qüvvələrin, radikal müxalifətin əliylə həyata keçirmək istəyirlər. Necə deyərlər, bu "oyun"da hər kəsin öz maraqları, hədəfləri var və bu "oyun"un, bu həlqənin ən zəif bəndi Əli Kərimlidir. Xarici gücləri Əli Kərimli kimi ifrat praqmatizmə meylli, öz siyasi "rəng"ini tez-tez dəyişməyə həvəsli görünən, hər buyuruğa hazır olan birisi qane edir. Bu arada Əli Kərimlinin "Azərbaycanın Paşinyanı" olmaq istəyi də onlar üçün lap göydəndüşmə hal kimi sayılır.
Əli Kərimli bu istəyinə nail olmaq üçün hər vasitəyə əl atmağa, bütün qırmızı cizgiləri tapdayıb keçməyə və hətta yeri gələrsə "Qarabağ kartı"ndan da istifadəyə etməyə hazırdır. Amma nə AXCP liderinin, nə mühacir müxalifətin, nədəki onların xaricdəki havadarlarının ölkəmizi anarxiyaya sürükləmək istəkləri baş tutmayacaq. Çünki onların xəyali "inqilab" çağırışlarına xalq tərəfindən dəstək yoxdur.
Vətəndaşlarımız 90-cı illərin əvvəllərində Azərbaycanda yaşanmış inqilabi qarşıdurmaları, anarxiyanı, dərəbəyliyi yaxşı xatırlayırlar. Ağlı başında olan heç bir azərbaycanlı ölkəmizin ikinci Ukraynaya və ya Suriyaya çevrilməsini istəmir”.