Mal-qara arasında qarayara niyə yayılıb - Açıqlama


Sabirabadda daha iki nəfərin qarayara xəstəliyinə yoluxması əhali arasında qarayara xofunu artırıb. Xəstəliyin ət satışı ilə məşğul olan şəxslərdə aşkarlanması isə qarayaranın heyvanlar arasında yayılması ilə bağlı narahatlıq yaradır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heyvanlar arasında bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə ildə bir dəfə respublika üzrə mal-qara arasında qarayaraya qarşı vaksinasiya tədbirləri aparılır. Amma Y.Xanvəli heyvanlar arasında qarayaraya qarşı peyvəndləmədən kənarda qalma hallarının da istisna olmadığını söylədi. Onun sözlərinə görə, heyvanların qarayaraya qarşı vaksin edilməsi fermerlərdən asılıdır. Onlar heyvanlarını vaksin etdirmədikdə, heyvanın bu qorxunc xəstəliyə yoluxması mümkündür.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin (SN) mətbuat xidməti 2 nəfər Sabirabad sakininin - 34 və 26 yaşlarında kişinin Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini təsdiqləyib. Məlumatda bildirilir ki, həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.