Korrupsiyanın kökü kəsilməlidir: Mübarizəyə ictimaiyyətin qoşulması mütləqdir

“Prezidentin proqram xarakterli çıxışında gələcəyə yönələn strateji hədəflər müəyyən olundu”. Bunu Sherg.az-a açıqlamasında Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

Birlik rəhbəri vurğulayıb ki, dövlət başçısı çıxışlarında, o cümlədən Nazirlər Kabinetinin iclaslarında ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin rolunun artırılmasının vacibliyini dəfələrə vurğulayıb: 

“Prezident 15 oktyabr tarixində keçirdiyi müşavirədə növbəti dəfə bu məsələnin üzərinə qayıtdı və öz fikirlərini diqqətə çatdırdı. Təbii, korrupsiya nəinki bizim regionun, ümumiyyətlə bütün dünyanın problemidir. Korrupsiyanın olmadığı ölkə demək olar ki, yoxdur. Sadəcə, baxır hansı ölkədə hansı səviyyədədir. Korrupsiyanı iki hissəyə bölürlər - yuxarıların korrupsiyası və məişət korrupsiyası. Bizdə son illərdə məişət korrupsiyasına qarşı həyata keçirilən ən böyük tədbir ASAN Xidmətin yaradılmasıdır. Bilirsiz ki, Azərbaycan cəmiyyətində ənənəvi təmaslar var idi. Məsələn, hesabatlar təqdim olunanda, hansısa xidmətlər alınanda, adicə arayış veriləndə “şirinlik” söhbəti gündəmə gəlirdi. Biz bunun adını “şirinlik” qoymuşduq, ancaq əslində onun özü korrupsiya idi. Artıq yavaş-yavaş yadımızdan çıxır ki, biz 10 il əvvəl müəyyən xidmətlər müqabilində mütləq müəyyən məbləğ pul ödəməliydik. Aşağılar səviyyəsində olan korrupsiyanın aradan qaldırılması bir inqilabi yenilik idi. Bununla nəinki, korrupsiya aradan qalxdı, həm də xidmət olduqca yüksəldi və dünya üçün bir modelə çevrildi. İndi bu istiqamətdə elektron hökumət mərhələsinə keçmişik. Artıq DOST evdən çıxmadan xidmətin alınmasını həyata keçirir. Yəni sıfır təmasla müxtəlif xidmətlər verilir. Bu da məişət korrupsiyası ilə mübarizədə növbəti mühüm addımdır”. 



Sahib Məmmədov: "Biz bunun adını “şirinlik” qoymuşduq, ancaq əslində onun özü korrupsiya idi"


Ekspert vurğulayıb ki, Prezident çıxışında investisiya layihələrinin həyata keçirilməsindən danışarkən qiymətlərin süni şəkildə şişirdilməsinə də toxunub: 

“Əslində bunun altında da bir korrupsiya amili var. Belə başa düşdüm ki, ölkə rəhbəri həm də satınalmalar və layihələndirmə işi ilə bağlı öz sərt mesajlarını verdi. İctimaiyyət korrupsiya ilə mübarizə prosesində iştirak edir. Prezidentin təsdiq etdiyi Açıq Hökumətə dair Milli Fəaliyyət Planının biri başa çatıb, digərinin isə müzakirəsi gedir. Yeri gəlmişkən, deyim ki, müzakirələrdə vətəndaş cəmiyyəti də aktiv iştirak edir. Orada hökumətlə qeyri-hökumət təşkilatlarının bu sahədə əməkdaşlıq mexanizmi ortaya qoyulmuşdu. Artıq bu mexanizm yaradılıb. Açıq Hökumətin təşviqinə dair hökumət-vətəndaş cəmiyyəti platforması var. Bundan başqa çoxsaylı platformalar, ictimai şuralar da fəaliyyət göstərir. Lakin görünür, bunlar kifayət etmir. İslahatların sürəti fonunda yeni yanaşmalar tələb olunur". 

"İslahatların sürəti fonunda yeni yanaşmalar tələb olunur"


S.Məmmədovun firkincə, prosesdə sadəcə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq yox, geniş iştirakçılıq və birgə qərar qəbuletmə mexanizmlərinin tətbiq olunması da zəruridir: 

“Bir var, vətəndaş cəmiyyəti sadəcə nəzarət edir, bir də var, prosesdə və qərar qəbulunda özü də iştirak edir. Buna ən böyük misal Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Şuranın üç üzvü hökuməti, səkkiz üzvü isə qeyri-hökumət təşkilatını təmsil edir. Bu, sadəcə əməkdaşlıq yox, birgə qərar qəbuletmədə partnyorluq və məsuliyyətin birlikdə alınmasıdır. Belə çıxır ki, bunları daha da genişləndirmək lazımdır”.