Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur

Hər il dünyada təxminən 15 milyon uşaq vaxtından əvvəl doğulur. Vaxtından qabağ doğulan uşaqlar digərləri kimi sağlam yaşayırlar, hətta onların arasında dünya miqyasında tanınmış alimlər də var.

Bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibəti ilə keçirilən tədbirdə söyləyiblər.

Klinikanın direktoru, professor Surxay Hadıyev bildirib ki, Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

S.Hadıyev əlavə edib ki, Azərbaycanda səhiyyə siyasətinin əsas istiqamətlərindən biri ana və uşaqların sağlamlığının qorunmasıdır. Daha sonra erkən doğuşun qarşısını almaq üçün görülən tədbirlərlə bağlı məlumat verilib. Səhiyyə Nazirliyinin baş neonatoloqu, Respublika Neonatoloqlar Cəmiyyətinin sədri, professor Rüstəm Hüseynov isə söyləyib ki, Beynəlxalq Vaxtından əvvəl Doğulmuşlar Günü Azərbaycanda dörd ildir keçirilir.

“Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaların maddi-texniki bazası möhkəmləndirilib, artıq belə uaşqların yaşaması üçün tədbir görməyə hər cür şərait var, kadr potensialı artırılıb”, -Hüseynov əlavə edib.

Klinikanın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov isə vaxtından əvvəl doğulan uşaqların yaşaması üçün tövsiyələrlə çıxış edib. O da bildirilib ki, Azərbaycanda yeni meyarlarla hamiləliyin 22-ci həftəsindən etibarən doğulan və həyat elementləri olan, çəkisi 500 qramdan çox olan uşaq diri doğulmuş sayılır. Həmin uşaqların yaşaması üçün mütəxəssislər var qüvvələri ilə çalışırlar.