Azərbaycanın avtomobil parkının 65 faizi köhnədir: Qəzaların mənbəyi burdadır - SOS

Azərbaycanda avtomobil idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, ölkəyə 47 min 710 avtomobil idxal olunub. İqtisadçı Natiq Cəfərlinin " Şərq"ə açıqlamasına görə, ölkədə avtomobil istehsalı olmadığı üçün ildən- ilə idxal olunan maşınların sayında artım müşahidə olunur:  "Neftçalada avtomobil yığımı həyata keçirilir, onun da əsas iştirakçısı dövlətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin avtomobilləri alaraq  müvafiq Proqram çərçivəsində müharibə veterenlarına  və digər  fiziki məhdudiyyətli insanlarımıza təqdim edir. Bəlkə də ölkəmizdə avtomobil  istehsalı olsaydı idxal artımı bu həddə gəlib çıxmazdı. Avtomobil istehsalı üçün də yeni və daha prestijli modellərin, şirkətlərin  ölkəmizdə  zavod qurması lazımdır. Həmin modellərin yığımında istifadə olunan  avtomobil detallarının da ən azı 25 faizinin Azərbaycanda istehsalı şərtdir. Bu həm də əlavə iş yerləri və gəlir mənbəyini stimullaşdırardı".

İqtisadçı hesab edir ki, ölkədə avtomobil idxalının artmasının digər səbəbi də Azərbaycanda son iki ildə  xarici valyutanın məzənnəsi sabit qaldığı üçün insanlar əlavə vəsaitərini daşınmaz əmlak və avtomobillərə yönəldirlər:

“2015-2016-cı ildə ölkəyə gətirilən avtomobillərin sayı xeyli azalmışdı. Xüsusən də Gürcüstandan gətirilən maşınların sayında 27 faiz  azalma vardı. Digər bir səbəb isə ötən il gömrük rüsumlarının artacağı ilə bağlı yaranan ajiotajdır. Noyabr- dekabr aylarında  avtomobil alqı- satqısı ilə məşğul olan insanlar kütləvi şəkildə ölkəyə avtomobil idxalını həyata keçirdilər. Məqsəd isə öz bizmeslərini sığortalamaqdan ibarət idi. Yəni yanvar ayından etibarən rüsumlar qalxacağı təqdirdə həmin avtobillərin baha qiymətə satacaqdılar". 

Avtomobil mütəxəsislərinin iddiasına görə,  ölkəyə idxal olunan avtomobillərin  mənşəyi məlum olmayan, hansı ölkədə başına nə gəldiyi bilinməyən, suya düşən, şüalanmaya məruz qalan avtomobillər  gətirilir. Hesab edirlər ki, gömrük rüsumları, aksiz vergisi azaldıqca həmin avtomobillərin yenisini gətirmək olar.  



Natiq Cəfərli: “Avtomobilin ili nə qədər köhnədirsə həmin avtomobil bir o qədər təhlükəlidir”


N.Cəfərli də mütəxəsislərin bu qeydini vacib hesab edir: 

"Azərbaycanda avtomobil parkı həddindən artıq köhnədir. Bəzən  maşın bazarlarının mövcud durumunu  şəhərin  mərkəzindəki satış yerlərinə görə dəyərləndiririk. Hansı ki mərkəzi hissələrdə bahalı və yeni avtomobillər daha  çoxdur. Ona görə də “Azərbaycanın avtomobil bazarı yenilənib” kimi illuziyalar formalaşıb. Halbuki, ölkənin avtomobil parkının 60-65 faizi  köhnədir və müasir tələblərə cavab vermir. Bu isə təhlükəsizlik məsələsini gündəmə gətirir. Avtomobilin ili nə qədər köhnədirsə həmin avtomobil bir o qədər təhlükəlidir.  Azərbaycanda avtomobil qəzalarında ölüm hallarının çox olması köhnə avtomobillərlə bağlıdır. Siz əgər il ərzində ölümlə nəticələnən qəzaların araşdırmasını aparsanız görəcəksiniz ki, həmin avtomobillərin əksəriyyəti ya Rusiya istehsalı, ya da buraxılış ili 2000-ci ildən aşağıdır. Həmin avtomobillərdə təhlükəsizlik sistemi çox az təmin olunub. Rusiya istehsalı avtomobillərdə isə ümumiyyətlə təhlükəsizlik baxımından heç nə yoxdur. Ona görə də bu birinci növbədə insanın həyatının qorunması məsələsidir. İkinci təbii ki, ekoloji məsələdir. Bakı ekoloji cəhətdən kifayət qədər çirklənmiş şəhərdir. Bakıda hibrid avtomobillərin çox olması şəhərə ekoloji baxımdan müsbət təsir göstərəcək”.



"Dəfələrlə təklif etmişik ki "Hibrid"  və elektrik avtomobillərinin  sıfır gömrük rüsumu və aksiz vergisi ilə ölkəyə gətirilməsinə şərait yaradılsın”


"Dəfələrlə təklif etmişik ki "Hibrid"  və elektrik avtomobillərinin  sıfır gömrük rüsumu və aksiz vergisi ilə ölkəyə gətirilməsinə şərait yaradılsın. Bu zaman müasir texnologiyalarla istehsal olunan yeni  avtomobillərin ölkəyə gətirilməsinə nail ola bilərik. Bu həm təhlükəsizlik, həm də ekoloji problemlərin həllinə səbəb olacaq. Çox təəssüflər olsun  ki, dövlət bu yöndə addım atmaqda maraqlı deyil. Dünyanın ekoloji vəziyyətinin ağır olduğunu nəzərə alaraq bir çox ölkələrdə təşviq siyasəti aparılır ki, hibrid və elektrik avtomobillərin sayı getdikcə artsın" - deyə N.Cəfərli əlavə edib. Ekspertin sözlərinə görə, hibrid avtomobillərin ölkəyə gətirilməsi iqtisadiyyatda da az-çox canlanmaya səbəb olacaq.