Aliment problemi: İcraçılar çətinlik çəkirlər – FOND TƏKLİFİ

Aliment problemi yaşayan xanımlar çoxdur və təəssüflər olsun ki, onların böyük əksəriyyəti problemin həllinə nail ola bilmir. Bu problemin öz həllini tapması üçün dövlət səviyyəsində  real addımların atılması  təklif edilir. Belə ki, bir neçə ildir, ölkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı danışıqlar gedir. Lakin ortada  bir nəticə yoxdur. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri  Sahib Məmmədov da hesab edir ki, Aliment Fondunu yaradaraq alimentdən məhrum olub ehtiyac içində yaşayan uşaqların problemlərinin həllinə dəstək vermək mümkündür. 

Bu barədə "Şərq"ə  danışan hüquq müdafiəçisi hesab edir ki, Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər: 



Sahib Məmmədov: “Aliment verməli olan şəxslərin bəzisi ya ölkəni tərk edib, ya da heç bir yerdə işləmir”


"Bu təcrübədən dünyanın bir sıra ölkələrində istifadə olunur. Adətən belə fondlarda ilkin kapital  dövlət vəsaiti hesabına formalaşır, sonradan özü-özünü maliyyələşdirir. Dünyada da bu cür fondlar fəaliyyət göstərir. Hər kəsə bəlli məsələdir ki, bir çox hallarda boşanmalardan sonra valideynlər, xüsusilə də atalar üzərlərinə düşəni yerinə yetirmirlər. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində bəlkə də 10 minlərlə belə mübahisəli iş var. Hansı ki, icraçılar bunu həll etməkdə acizdirlər. Çünki aliment verməli olan şəxslərin bəzisi ya ölkəni tərk edib, ya da heç bir yerdə işləmir. Nəticə etibarı ilə qarşı tərəf ona kəsilən alimenti ala bilmir".
 
S.Məmmədov qeyd edir ki, dövlətin alimentin alınması ilə bağlı icra prosesində itirdiyi vəsaitlər fonda çəkilən xərcdən dəfələrlə çoxdur: 

"Ona görə də dövlət birdəfəlik belə bir fond yaradıb ilkin vəsaiti qoysa, sonradan da onu geri alsa problemdə fundamental dəyişikliklər əldə olunar. Sadəcə olaraq bizim kommersiya qurumları bu cür fondlara maliyyə yardımı edəcəyinə ümid olmadığı üçün dövlətin üzərinə böyük öhdəlik düşəcək".