Körpə doğulduqdan sonra qeydiyyat üzrə müvafiq poliklinikanın sahə həkimi uşağın vəziyyəti ilə maraqlanır. Daha sonra müəyyən müddətdən bir onu müayinə edərək göstərişlər verir. Son zamanlar isə sahə həkimlərinin səriştəsizliyi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əksəriyyət sahə həkimlərinin savadsızlığından, uşaq ilə maraqlanmamasından, səhv diaqnozlar qoymasından şikayətçi olublar. Sosial şəbəkədə bu barədə paylaşım edən bir vətəndaş şikayətində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmətin çox aşağı səviyyədə olduğunu bildirib.
Vətəndaş iddia edir ki, 3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları məyus edib. Özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar.
Qeyd edək ki, zaman-zaman pediatrlar da bu sahədə kifayət qədər boşluğun olduğunu iddia edirlər. Səbəb kimi də illər öncə işə götürülən sahə həkimlərinin müasir tibbi izləməmələri göstərilir.
Əksəriyyəti yaşlı olan sahə həkimləri kurs keçsələr də, yenə də öz bildikləri kimi davam edirlər. Yenilikləri deyil, sovet dövründən öyrəndiklərini tətbiq edirlər.
Əslində haqsız da sayılmazlar. Bəzi sahə həkimlərinin yeni doğulmuş körpələrdə "əmgək böyükdür" deyə kəllədaxili təzyiq diaqnozu qoyması faktı ilə az rastlaşmamışıq. Halbuki, peşəkar mütəxəssislər tibdə belə bir diaqnozun olmadığını deyir. Eyni zamanda sahə həkimləri uşağın üzünə baxıb raxit diaqnozu qoyub, yersiz dərmanlar yazırlar. Uşağın qızdırması olan kimi analiz aparmadan antibiotik müalicələrə başlayırlar. Ehtiyac olmadan kalsium preparatı yazılır və s....
Pediatr iddia edir ki, problemin kökü sahə həkimlərindən yox, poliklinikalardakı şəraitsizlikdən qaynaqlanır
Pediatr Xanım Bəkirova isə "Şərq"ə açıqlamasında poliklinikalarda da çox savadlı, heç də özəl klinikalarda işləyənlərdən geri qalmayan həkimlərin olduğunu deyib. Onun sözlərinə görə, sadəcə, özəl klinikalarda olan tibbi infrastruktur poliklinikalarda yoxdur:
"Mən özəl klinikada işləyirəm və əlimin altında hər cür şərait var. Qızdırma və ya öskürək şikayəti ilə bizə müraciət edən uşaqları müayinə edib, ehtiyac olduğu təqdirdə digər zəruri tibbi yoxlamalardan keçirir, laboratoriyada analizlərini verirəm. Əlimdə olan nəticələr hesabına da dəqiq diaqnoz qoyub, müalicə yazıram. Amma poliklinikalarda çalışan sahə həkimlərinin bu imkanları yoxdur axı! Normal laboratoriya, UZİ, Rentgen aparatları yoxdur".
Pediatrın sözlərinə görə, sahə həkimlərinə qarşı cəmiyyətdə mənfi bir rəy formalaşıb, onlara qarşı güvənsizlik var:
"Həkimin savadlı-savadsız olması çalışdığı orqanın dövlət və ya özəl olmasından asılı deyil. Özəl klinikalarda çalışan həkimlər arasında belə səhv diaqnoz qoyurlar. Məncə, problemin kökü sahə həkimlərinin savadsızlığından yox, poliklinikalardakı şəraitsizlikdən qaynaqlanır. Məsələnin bu istiqamətdə qaldırılması daha yaxşı olar".