Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq.
Millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:
“Bu kontekstdə ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Aydınlıq üçün qeyd edim ki, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir”.